Aston Martin özünün yeni əsərini - yarış treki üçün nəzərdə tutulmuş, lakin ictimai yollara da çıxışı olan Valiant kupesini təqdim edib. Bununla belə, yeni ad altında bir il əvvəl debüt etmiş və Vantage kupesinə əsaslanan Aston Martin Valor modelinin bir variantı gizlənir.
Valour kimi, yeni Valiant da 5,2-litrlik V12 biturbo mühərriki ilə təchiz olunub, lakin fırlanma anının (753 Nm) dəyişməz qalmasına baxmayaraq, onun gücü 715-dən 745 at qüvvəsinə qədər artırılıb. Transaxle sxeminə əsasən quraşdırılmış altı pilləli mexaniki ötürmələr qutusu bütün dartma qüvvəsini arxa oxa ötürür.
Avtomatik transmissiya əlavə ödənişlə belə əlçatan deyil. Aston Martin dinamik göstəricilər barədə məlumat vermir, lakin əsas diqqəti Formula 1 pilotu Fernando Alonsonun sazlanmasında iştirak etdiyi superkarın trek mahiyyətinə yönəldir.
Multimatik ASV adaptiv amortizatorları altı millisaniyədən az müddətdə öz sərtliklərini dəyişdirə bilirlər. Hərəkət elektronikası Sport, Sport+ və Track rejimlərinə malikdir.
Aerodinamik kuzov dəsti hava müqavimətini minimuma endirməklə yanaşı, yerəbasma qüvvəsini maksimuma çatdırmaq üçün yenidən işlənilb. Superkar böyük splitterə, yeni kandarlara, antiqanada və buraxılış sisteminin böyük dördlüləli çıxış borusu (Valor modelinin daha təvazökar üç borusu əvəzinə) quraşdırılmış diffuzoru alıb.
Qüdrətli V12 mühərrikini yarış rejimlərində effektiv şəkildə soyutmaq üçün demək olar ki, bütün ön hissəni karbonplastikdən hazırlanmış radiator barmaqlığı tutur. Üstəlik, ön qanadlardakı hava kanalları genişləndirilib.
Avtomobil yüngülləşdirilib: təxminən 100 kiloqram (son rəqəm açıqlanmasa da). Məsələn, maqnezium ərintisindən hazırlanmış 21-düymlük təkər diskləri əvvəlkilərdən 14 kiloqram yüngüldür. Ön tərəfdə 275/35 R21, arxada isə, 325/30 R21 ölçülü şinlər quraşdırılıb.
3D metodu ilə çap edilmiş arxa alt çərçivə sərtliyi itirmədən 3 kiloqram, maqneziumdan kardan valı isə, 8,6 kiloqrama qənaət edib. Öz növbəsində, 12-voltluq litium-ion batareyası 11,5 kiloqrama qənaət edib, öndə 410, arxada isə, 360 millimetrlik standart karbon-keramika əyləc diskləri də bu işə öz töhfəsini veriblər.
Aston Martin Valiant kupesinin iki oturacaqlı interyeri Valour ilə demək olar ki, eynidir, lakin təhlükəsizlik yarımqəfəsi və şturval əvəzinə adi sükanla təchiz edilib. Bununla belə, interyerin əsl məqamı açıq ötürmə mexanizmdir. Əlbəttə ki, tərtibatda karbonplastikdən geniş istifadə olunur. Recaro Podium kreslolarının üzlükləri parçadandır, lakin alkantara və ya yarı anilin dərisi ilə üzlüyü də sifariş etmək mümkündür.
Aston Martin Valiant trek superkarının ictimai debütü iyul ayında Qudvudda keçiriləcək Sürət Festivalında baş tutmalıdır, müştərilərə çatdırılma isə, bu ilin sonuna qədər başlamalıdır. Cəmi 38 avtomobil hazırlanacaq və hər nüsxənin qiyməti təxminən 2 milyon funt sterliq olacaq. Müqayisə üçün: Valor superkarı 110 nüsxədə satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.