Aston Martin şirkəti V12 mühərriklərindən istifadə etməyə 20 il bundan öncə başlayıb: 5,9-litrlik AM11 atmosfer mühərriki 2001-ci ildə Aston Martin V12 Vanquish modelində debüt edib. Sonradan belə mühərriklər bir çox modeldə quraşdırılıb. 2016-cı ildə isə, yeni nəsil 5,2-litrlik V12 biturbo mühərriki ilə təchiz edilmiş Aston Martin DB11 modeli işıq üzü görüb. Lakin bu dövr sona çatır: şirkət 12-silindrli mühərriklə təchiz edilmiş sonuncu modeli buraxacağını bəyan edib.

“Son model” olmaq şərəfi Aston Martin V12 Vantage superkarına nəsib olub. Bu model 2022-ci ildə debüt edəcək və mövcud olan “kiçik” Vantage modelinin ekstremal versiyası olacaqdır. Xatırladaq ki, hazırda Aston Martin Vantage modeli AMG bölməsinin 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. Əslində belə bir modifikasiya modelin əvvəlki nəslində mövcud olub: o zaman alıcılar Aston Martin şirkətinin ön məhsulu olan V8 və V12 atmosfer mühərriklərindən seçim edə bilərdilər.  Təfərrüatlar və yeni V12 mühərrikinin xarakteristikaları sonradan açıqlanacaqdır.

Çoxsilindrli mühərriklərdən imtina müasir avtomobil sənayesinin ümumi tendensiyasıdır. Belə mühərrikləri olan avtomobillərə yüksək ekoloji vergilər tətbiq olunur. Lakin Aston Martin ilə əlaqədar başqa faktor da var. İlk V12 mühərriki ingilis markasının Ford konserninə məxsus olduğu zamanlarda yaradılıb və o zamandan bəri belə mühərriklər Ford şirkətinin Kölndəki zavodunun ayrıca sexində yığılırlar.

Ford belə mühərriklərdən istifadə etmir, və onların istehsalından imtina etmək istəyir. Şirkətlər əməkdaşlığın davam etdirilməsi üçün razılığa gəlsələr də, böyük ehtimalla, yaxın zamanlarda bu əməkdaşlığa son verilə bilər.

Hazırda Aston Martin şirkəti V12 mühərriklərini DB11(yalnız kupe) və DBS modellərində quraşdırır. Əsas üstünlük isə, AMG V8 mühərriklərinə verirlir. Üstəlik, AMG bölməsinin mühərrik çeşidində də 12-silindrli mühərriklər qalmayıb. Şirkətin arsenalında Cosworth firması ilə əməkdaşlıqda yaradılmış 6,5-litrlik V12 atmosfer mühərriki var. Lakin bu mühərriklər əllə yığılır və məhdud tirajlı Valkyrie hiperkarında quraşdırılır

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.