Aston Martin şirkəti Vantage modelinin mühərrik çeşidindəki əfsanəvi V12 mühərriki ilə vidalaşır - 333 nüsxəlik məhdud saylı tirajla buraxılmış V12 Vantage kupesindən sonra, Britaniya istehsalçısı bu avtomobilin açıq və daha nadir versiyasını buraxacağını elan edib.
Açıq kuzovlu Aston Martin V12 Vantage Roadster modeli 249 nüsxədə buraxılacaqdır. Qeyd etmək lazımdır ki, artıq bütün nüsxələr öz sahiblərini tapıblar. Yeni rodster isə, Vantage sportkarları ailəsinin tarixindəki ən güclü açıq kuzovlu model olacaqdır.
Texniki cəhətdən açıq versiya sərt damlı modeli təkrarlayır. Kapotun altında 700 at qüvvəsi və 753 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbo mühərriki yerləşir. Kupenin bir ton ağırlığa düşən gücün xüsusi çəkisi 372 at qüvvəsidir.
Mühərrik, V12 Speedster və Vantage F1 Edition modellərindən götürülmüş idarəetmə proqramını və ZF şirkətinin 8-pilləli avtomatik transmissiyasını alıb. Rodster 100 km/saat həddini 3,5 saniyəyə toplayır, onun maksimal sürəti isə 320 km/saatdır.
Aston Martin V12 Vantage Roadster arxa oxdakı yüksək sürtünməli mexaniki diferensiala, yenidən tənzimlənmiş sükan idarəetməsinə və adaptiv amortizatorların özünəməxsus sazlamalarına sahib olub.
Karbon-keramik əyləc mexanizmləri isə standart avadanlıqdır. Çəkini azaltmaq üçün ön bamper, kapot, ön qanadlar və yan kandarlar karbon lifindən, arxa bamper və baqajın qapağı isə, yüngül kompozit materialdan hazırlanıb.
Daha yüngül akkumulyator və paslanmayan poladdan hazırlanmış buraxılış sistemi avtomobilin çəkisini azaltmağa imkan verib. Bundan başqa, standart təkər diskləri ilə eyni ölçüdə, lakin onlardan səkkiz kiloqram daha yüngül olan opsional 21-düymlük təkər disklərini də sifariş etmək mümkündür.
V12 mühərrikli rodster adi Vantage Roadster modelindən 40 millimetr daha enlidir. Radiator barmaqlığının sahəsi 25% daha genişdir ki, bu da hava axınını artıraraq, aqreqatların soyudulmasını yaxşılaşdırır.
Yeni diffuzor daha çox yerəbasma qüvvəsini təmin edir, opsional olaraq isə, sabit arxa antiqanadın quraşdırılması da nəzərdə tutulub. Salonda dəlikli yarımanilin dəri ilə üzlənmiş və firma qanadlar şəklində tikişləri olan Sports Plus oturacaqları quraşdırılıb.
Əlavə ödəniş müqabilində, onları karbon əsası və mexanki tənzimləmələri olan daha yüngül oturacaqlara əvəz etmək olar. Belə oturacaqlar çəkiyə 7,3 kiloqram qənaət etməyə imkan verirlər.
Q by Aston Martin bölməsi V12 Vantage Roadster üçün fərdiləşdirmə proqramını hazırlayıb. Müştərilər kuzovun tərtibatını, əyləc supportlarının rəngini, şəffaf lakla örtülmüş, o cümlədən rəngli karbondan dekoru, toxunmalı dəri və alkantara üzlənmiş oturacaqlar üçün əlavələri seçə bilərlər.
Rodsterin istehsalına 2022-ci ilin üçüncü rübündə başlanmalıdır. Hazır avtomobillərin müştərilərə çatdırılmasına isə, 2022-ci ilin dördüncü rübündə başlamaq planlaşdırılır. Bütün rodsterlər artıq satılıblar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.