Aston Martin şirkəti 88 nüsxəlik tirajla buraxılacaq yeni V12 Speedster barkettasını rəsmi olaraq təqdim etdi. Kolleksiya barkettası 765 min funt sterlinqə satılacaqdır ki, bu da 978.4 min dollara və ya 1,7 milyon manata bərabərdir.
Yeni avtomobilin üzərində iki bölmə çalışıb: Q byAston Martin studiyası və Aston Martin Design dizayn mərkəzi. Superkarın yaradılması və kiçik həcmli istehsala hazırlanması bir ildən çox vaxt tələb edib. Yeni spidster "avtomobil həvəskarlarına" və kolleksiyaçılara ünvanlanıb. Yeni modelin yaradılması zamanı dizaynerlər iki Aston Martin modelindən ilham alıblar.
Barketta - iki yan qapısı və bir oturacaq cərgəsi olan kuzov növüdür. Onun əsas xüsusiyyəti minimum hündürlükdə olan alın şüşəsidir (ya qatlana bilər və ya da ümumiyyətlə olmaya bilər).
Aston Martin V12 Speedster modeli 1959-cu ilin “Le Manın 24 saatı” və “Nurburqrinqin 1000 kilometri” marafonlarının qalibi olmuş tarixi DBR1 yarış avtomobiinin, həmçinin 2013-cü ildə debüt edən CC100 yubiley spidsterinin cizgilərini özündə cəmləşdirib. Sonuncu model markanın 100 illik yubileyi şərəfinə iki nüsxədə buraxılıb və hazırda hər iki avtomobil özəl kolleksiyalarda saxlanılır.
V12 Speedster modeli 700 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir . Mühərrik ZF-in səkkiz bantlı avtomatik transmissiyası ilə tandemdə işləyir. Bu quraşdırma ilə avtomobil 3,5 saniyədə sıfırdan 100 kilometrə qədər sürətlənir və maksimum sürəti elektron olaraq saatda 300 kilometr ilə məhdudlaşır.
Aston Martin V12 Speedster modeli 21 düymlük təkər disklərinə, karbon-saxsı əyləc mexanizmlərinə (öndə 410 millimetrlik, arxada - 360 millimetrlik ), həmçinin xüsusi hazırlanmış paslanmayan poladdan buraxılış sisteminə sahib olub. Salon tərtibatında karbondan, dəri və xrom ilə örtülmüş alüminiumdan istifadə edilir. Sərnişinin qarşısında ənənəvi əlcək qutusunun əvəzinə çıxarıla bilən dəri çanta yerləşdirilib.
Barkettaya sifarişlər artıq qəbul edilir. Avtomobilin ilk nüsxələri müştərilərə 2021-ci ilin birinci rübündə çatdırılacaqdırlar.