Aston Martin markasının ənənələrinə əsasən “düzgün Aston Martin” modeli V8 mühərrikinə malik olmalıdır. Lakin 2001-ci ildən başlayaraq, Aston Martin şirkəti ən bahalı və dəbədəbəli modellər üçün öz məhsulu olan V12 mühərrikini istifadə edir. Təəssüflər olsun ki, belə modellərin dövrü başa çatır və bu gün təqdim olunmuş Aston Martin V12 Vantage modeli belə mühərriklə təchiz edilən sonuncu modeldir.

Bu artıq mövcud olan və AMG V8 biturbomühərriki ilə təchiz edilmiş Vantage modelinin ekstremal versiyasıdır. Bənzər modifikasiya əvvəlki nəslin modifikasiya çeşidində var idi, lakin o zaman alıcılar V8 və V12 atmosfer mühərrikləri arasında seçim edə bilərdilər. Yeni Aston Martin V12 Vantage modeli isə 5,2-litrlik biturbomühərrik ilə təchiz edilib. Eyni mühərrik DB11 və DBS modellərində də quraşdırılır.

Aston Martin V12 Vantage modeli üçün bu mühərrikin hasilatı 700 at qüvvəsi və 753 Nm fırlanma anına qədər artırılıb, lakin bu son hədd deyil – DBS modelindəki mühərrik daha güclüdür. Səkkizpilləli ZF “avtomatı” və sükan mexanizmi yenidən tənizmlənib və modelin standart təchizatına yüksək sürtünməli differensial daxil edilib.

Kuzov da ciddi dəyişikliklərə məruz qalıb: ön qanadlar, bamper, kapot və kandar örtmələri karbonplastikdən, arxa bamper isə yüngül kompozitdən hazırlanır. Ön və arxadakı gücləndiricilər, habelə arxa qasının dayaqlarını birləşdirən tirlər kuzovun sərtliyini 8% artırmağa imkan veriblər. İri mühərrikin soyudulmasını təmin etmək üçün ön hava girişlərinin sahəsi 25% artırılıb. Yeni aerodinamik dayaq maksimal sürətdə 204 kiloqrama bərabər olan yerəbasma gücünü yaradır. Bununla belə, sifariş zamanı arxa antiqanaddan imtina etmək olar.

Avtomobilin təkər izi 40 millimetr artırılıb, adaptiv asqısı isə yenidən işlənilib: öndəki yaylar 50%, arxadakılar isə 40% daha sərt olublar. Ön stabilizator da 5% sərtləşdirilib, arxa stabilizator isə, əksinə 40% yumşaqlaşdırılıb. Aston Martin V12 Vantage modeli polad analoqundan 23 kiloqram yüngül olan karbon-keramik əyləc mexanizmləri ilə standart olaraq təchiz edilir. Ön tərəfdə altıporşenli supportları olan 410 millimetrlik disklər, arxada isə dördporşenli supportları olan 360 millimetrlik disklər quraşdırlır.

Nəhayət, V12 mühərrikli kupe 12-voltluq batareyaya və standart buraxılış sistemindən 7,2 kiloqram yüngül olan səsboğucuya malikdir. Lakin görülmüş bütün tədbirlərə baxmayaraq, kupe ağır alınıb – 1795 kiloqram. Xatırladaq ki, V8 mühərrikli baza kupesinin çəkisi 1685 kiloqramdır. Odur ki, dinamikadakı üstünlük o qədər də nəzərə çarpmır: 100 km/saata sürətlənmə 3,5 (- 0,1 saniyə) saniyə çəkir, makismal sürət həddi isə 322 (+ 8 km/saat) km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, V12 mühərrikinin statusu bütün rəqəmlərdən üstündür. Odur ki, 333 nüsxəlik tirajla buraxılacaq kupenin bütün tirajının keçən ilin dekabrındakı anonsdan sonra tamamilə satılmasında təəccüblü bir şey yoxdur. Avtomobillərin müştərilərə çatdırılmasına cari ilin ikinci rübündə başlanacaqdır.

Bundan sonra yeni 12-silindrli Aston Martin avtomobilləri olmayacaqdır, lakin bu, DB11 və DBS modellərinin istehsalına son veriləcəyinə dəlalət etmir. Aston Martin şirkətinin rəhbəri Tobias Moers V12 mühərriki olan avtomobillərin buraxılışının ekoloji normaların imkan verdiyi vaxta qədər buraxılacağını bildirib. Euro 7 normaları ilkin olaraq 2025-ci ildə qüvvəyə minməlidirlər və çox güman ki, həmin il V12 mühərriki üçün son il olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.