Aston Martin Valhalla hiperkarı açıq kuzovlu Spider versiyasına da sahib olub. Britaniya istehsalçısının yeni modeli kupe versiyasının 1079 at gücünə malik hibrid güc qurğusunu qoruyub, lakin açıq kuzovla sürüşdən zövq almaq istəyənlərə iki fərqli dam variantı təklif edir.

Bununla belə, bu hiperkarı əldə etmək istəyənlər bir qədər də gözləməli olacaqlar: tədarüklərin 2027-ci ilin üçüncü rübündə başlanması planlaşdırılır.

Valhalla Spider-in hazırlanması üçün kuzov konstruksiyasını ciddi şəkildə dəyişdirməyə ehtiyac qalmayıb. Kupe versiyasının əsasını təşkil edən karbon monokok dam panelləri olmadan da lazımi sərtliyi təmin edir. Yuxarı açılan qapılar da saxlanılıb, lakin onların şüşələri artıq çərçivəsizdir.

Standart təchizata çıxarıla bilən parça dam daxildir. Bu konfiqurasiyada maksimal sürət 200 km/saata məhdudlaşdırılıb. Əlavə ödəniş müqabilində parça damı karbondan hazırlanmış sərt panellərlə əvəz etmək mümkündür. Bu halda maksimal sürət kupe versiyasında olduğu kimi 350 km/saata çatır.

Dam çıxarıldıqda ön şüşənin yuxarı kənarına xüsusi küləkkəsən quraşdırmaq olar. Onun vəzifəsi qarşıdan gələn hava axınını yönləndirmək və mühərrikin hava girişinə ötürməkdir. Bu sistemə uyğun olaraq mühərrikin hava girişinin hündürlüyü 35 millimetr artırılıb. Küləkkəsən istifadə edilmədikdə isə onu avtomobilin yan kandarlarındakı xüsusi bölmələrdə saxlamaq mümkündür.

Açıq versiyanın digər fərqi daha rahat Touring Seat oturacaqlarıdır. Onlar avtomobilə minib-düşməyi asanlaşdırır. Bununla belə, müştəri istəsə, əlavə ödəniş etmədən kupe versiyasının oturacaqlarını da seçə bilər.

Fərdiləşdirmə imkanları arasında açıq və ya kuzov rənginə boyanmış karbonplastik panellər, xüsusi kuzov rəngləri, karbon dekor elementləri, buraxılış sisteminin tutqun qara və titan rəngli çıxış boruları, eləcə də döymə üsulu ilə hazırlanmış yüngül lehimli disklər var.

Hibrid güc qurğusu dəyişməz qalıb. Kokpitin arxasında yerləşən iki turbokompressorlu 4,0 litrlik V8 mühərrik 828 at gücü hasil edir. O, səkkizpilləli robotlaşdırılmış sürətlər qutusuna inteqrasiya olunmuş elektrik mühərriki ilə birlikdə arxa təkərləri hərəkətə gətirir.

Ön oxda yerləşən daha iki elektrik mühərriki isə mexaniki olaraq digər aqreqatlarla əlaqəli deyil. Onlar tam ötürməni təmin edir və dartma qüvvəsinin təkərlər arasında dəqiq bölüşdürülməsinə cavabdehdirlər.

Güc qurğusunun ümumi hasilatı 1079 at gücü və 1100 Nm fırlanma anıdır. Valhalla Spider 100 km/saata cəmi 2,5 saniyəyə sürətlənir. Yüngülləşdirmə üçün nəzərdə tutulan bütün mümkün seçimlərlə avtomobilin boş kütləsi 1680 kiloqramdır. Bu, kupe versiyasından cəmi 25 kiloqram çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektron idarəetmə sistemi də yenidən sazlanıb. O, artıq yalnız güc qurğusuna və asqıya deyil, aktiv aerodinamik elementlərə də nəzarət edir. Bu elementlər damın quraşdırılmış və ya çıxarılmış olmasına uyğun olaraq avtomatik tənzimlənir. Dam yerində olduqda aerodinamik sistem 600 kiloqrama qədər yerəbasma qüvvəsi yarada bilir.

Aston Martin Valhalla Spider-in qiyməti və istehsal tirajı hələ açıqlanmayıb. Açıq versiyanın kupe variantından daha nadir olması gözlənilir: kupe cəmi 999 nüsxə ilə buraxılacaq. Spider versiyasının tədarüklərinə isə 2027-ci ilin üçüncü rübündə başlanmalıdır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.