Aston Martin şirkətinin böyük dəyişikliyə məruz qaldığını xəbərlərimizi izləyənlər yaxşı bilir. İl yarım bundan öncə, kanadalı milyarder Lourens Stroll şirkətin yeni sərmayədarı olub. Onun ardınca AMG bölməsinin keçmiş rəhbəri Tobias Moers şirkətin başına gətirilib və Daimler AG konserni Britaniya istehsalçısının səhmlərinin 20 faizlik paketini əldə edib.
Aston Martin şirkətinin yeni strategiyası AMG mühərriklərinə tam keçidi nəzərdə tutur və bu səbəbdən də şirkət model çeşidinin inkişaf planını yenidən formalaşdırmağa başlayıb.
Ən yaxın yenilik Aston Martin Valkyrie hiperkarı olmalıdır. Lakin bu modelin hazırlanması və tamamlanması üzrə işlər demək olar ki başa çatdıb, bu səbədən də hiperkara toxunulmayıb. Ancaq növbəti təqdim olunacaq superkar yenidən nəzərdən keçirilib. Bu,ilk dəfə 2019-cu ildə AM-RB 003 indeksi ilə təqdim olunan orta mühərrikli Aston Martin Valhalla superkarıdır.
Valhalla superkarının Britaniya istehsalçısının öz məhsulu olan yeni V6 biturbo mühərriki ilə hərəkətə gələn ilk Aston Martin modelinin olacağı düşünülürdü. Təhlükəni hiss edən Əndi Palmer, səhmdarların rəğbətini qazanmaq üçün bu layihənin üzərindəki sirr pərdəsinin götürülməsini əmr etsə də, iki ay sonra o öz vəzifəsindən uzaqlaşdırıldı.
Yeni rəhbərlik isə, V6 biturbo mühərrikinin üzərindəki çalışmaları dayandırdı. Nəticədə, Aston Martin Valhalla modeli yenidən işlənilməyə göndərildi. Artıq superkar hazırdır və şirkət yeni versiyasını bu gün nümayiş etdirmək qərarına gəlib.
Kənardan baxdıqda belə, qarşımızdakı avtomobilin tamamilə fərqli bir avtomobil olduğunu görə bilərik. Superkarın təkcə dizaynda düzəlişlər edilməyib (Valhalla modelinin ön hissəsi indiki Aston-Martin avtomobillərinə daha çox bənzəyir), eyni zamanda, onun kuzovu da yenidən nəzərdən keçirilib.
Kuzov panelləri, işıq cihazları və hətta çərçivəsi ilə birlikdə alın şüşəsi də başqadır. Faktiki olaraq orijinal prototipdən yalnız ümumi nisbətlər və karbon monokoka əsaslanan konstruksiyası qalıb. Hesablamalara görə, aerodinamik kuzov dəsti 240 km/saat sürətində təxminən 600 kiloqrama qədər yerəbasma gücü hasil etmalıdır.
Hibrid güc aqreqatının konsepsiyası da tamamilə yenidən nəzərdən keçirilib. Mühərrik tədarükçüsünün AMG bölməsinin olduğunu nəzərə alsaq, Valhalla superkarının hansı mühərrik ilə təchiz edildiyini anlamaq çətin deyil. Bu, 4,0-litrlik V8 biturbo mühərrikidir, lakin ingilis superkarı bu aqreqatın “hamar” dirsəkli valı olan ən ekstremal versiyasını alacaqdır. Belə mühərrik ilə Mercedes-AMG GT Black Series superkarları təchiz edilirlər. Mühərrik 750 at qüvvəsi hasil edir və 7200 dövr/dəqiqəyə qədər sürətlənə bilir.
Hibrid əlavə ümumi gücü 204 at qüvvəsi olan iki elektrik mühərrikindən ibarətdir. Birinci elektrik mühərriki Aston Martin üçün xüsusi olaraq hazırlanmış iki muftalı səkkiz pilləli “robota” inteqrasiya edilib və benzin mühərriki ilə birlikdə arxa təkərləri hərəkətə gətirir. Üstəlik, arxa oxdakı differensial elektronika tərəfindən idarələnən kilidə sahibdir.
İkinci elektrik mühərriki ön oxa quraşdırılıb və ondan əsasən sırf elektrik dartması ilə hərəkət etmək üçün istifadə olunur. Bu rejimdə Valhalla 130 km/saata qədər sürətlənə bilər, lakin dartma batareyası kiçik tutumlu olduğundan yürüş məsafəsi cəmi 15 kilometr təşkil edir. Ən maraqlısı odur ki, ön mühərrik, eyni zamanda, arxa ötürməyə cavabdehdir. Ferrari SF90 hiperkarında olduğu kimi, Valhalla modelinin ötürmələr qutusunda revers pilləsi yoxdur. Hibrid sistemin ümumi hasilatı 950 at qüvvəsi və 1000 Nm fırlanma anı təşkil edir.
Aston Martin Valhalla modeli üfüqi amortizatorları olan və klirensi artırmağa imkan verən push rod tipli ön asqıya malikdir. Arxada isə klassik çoxqollu asqı quraşdırılıb. Adaptiv amortizatorlar Multimatic firması tərəfindən tədarük ediləcəkdirlər. Əyləclər - karbon-saxsı disklərə və “tel ilə” idarəetməyə malikdirlər. Kupenin 1550 kiloqramlıq boş çəkiyə sahib olacağı gözlənilir.
Superkarın dinamik xüsusiyyətləri hələlik təxmini xarakter daşıyır: maksimal sürət 330 km/saatdır, 100 km/saata sürətlənməyə isə 2,5 saniyə sərf edilir. Ayrıca, Aston Martin şirkəti Valhalla modelinin Nürburqrinqdəki dövrəni 6 dəqiqə 30 saniyəyə keçə biləcəyinə ümid edir.
Bu günə qədər, Aston Martin şirkəti Nürbuqrinqin “Şimal İlgəyində” rekorda imza atmağa cəhd göstərməyib. Seriya avtomobilləri üçün qeydə alınan son rekord 6 dəqiqə 43,3 saniyədir. Eyni zamanda, Valhalla gündəlik istifadə üçün normal iki yerlik salonu, komfort elementləri, media sistemi, adaptiv kruiz-kontrolu, dairəvi kameraları və digər avadanlıqları olan tam hüquqlu minik avtomobilinə çevrilməlidir.
Məlum məsələdir ki, geniş miqyaslı mühəndis işləri ucbatından seriya modelinin buraxılış tarixi də dəyişdirilib. Başlanğıcda, tam hazır olan Valhalla superkarının debütünün 2021-ci ilədək keçirilməsi, satışlarının isə 2022-ci ildə başlaması planlaşdırılsa da, indi seriya versiyasının 2023-cü ildən sonra debüt edəcəyi bildirilir.
Əvvəllər Aston Martin şirkəti superkarı 500 nüsxəlik tirajla buraxmağı planlaşdırırdı. Superkarın qiymətinin 875 min funt sterliq olacağı bildirilmişdi. Bu məlumatlar təsdiqlənməsə də, yenisi də açıqlanmayıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.