Aston Martin şirkəti Valkyrie hiperkarının seriyaöncəsi variantını təqdim edib. Red Bull Racing komandası ilə birgə hazırlanmış avtomobilin sürcüsünün yerləşməsi Formula 1 bolidinin pilotunun oturuşuna bənzəyəcəkdir.
Şirkətdən verilən məlumatda pedalların adi avtomobillərdə olduğundan bir qədər yüksək səviyyədə yerləşdirildiyi bildirilib. Həmçinin avtomobilin dizaynına da müəyyən dəyişikliklər edilib. Bir il bundan öncə debüt etmiş hiperkar işıqdiodlarından fənərlərə, şüşəsilənlərə, həmçinin avtomobilin ön tərəfində və qanaqdlarında açılmış hava girişlərinə malik olub. Aston Martin mühəndislərinin sözlərinə görə, əlavə aerodinamik elementlər hiperkarın yerabasma gücünü ciddi çəkildə artıtıb. Şirkət nümayəndələri nümayiş etdirilən dizaynının 95% seriya avtomobilində olacağını da söyləyiblər.
Valkyrie modelinin sükanı çıxarılan olacaqdır. Sükanın üzərinə gərək olan düymələr və hiperkarın sistemləri haqqında məlumat verən OLED-displey yerləşdirilib.
Ön dayaqların üzərində iki displey quraşdırılmışdır ki, onlar da ənənəvi güzgüləri əvəz edən kameralardan görüntünü əks etdirəcəklər. İstehsalçı avtomobili mümkün qədər yüngül etməyə çalışıb. Belə ki, avtomobilin fənəri seriya superkarlarında olduğundan 30-40% yüngüldür.
Bundan başqa, mühəndisləri avtomobilin ön hissəsinə vurulan ənənəvi emblemin ağır olduğunu hesab ediblər. Eyni zamanda, onlar yapışqanlı emblemin isə hiperkarın statusuna uyğun olmadığı qərarına gəliblər. Buna görə də mühəndislər emblemi alüminiuma kimyəvi təsir etməklə həkk etmək qərarına gəliblər. Beləliklə Aston Martin «qanadları» 70 mikron qalınlığa malikdir ki, bu da insan saçından 30% nazikdir və adi Aston Martin emblemindən 99,4% yüngüldür.
Hiperkar karbon şassiyə və 1000 at qüvvəli 6,5-litrlik V12 Cosworth mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna malikdir. Model enerjinin rekuperasiya sistemini əldə edib ki, bu da ümumi gücü 130 at qüvvəsi artırmağa imkan verir. Avtomobilin çəkisi 1030 kiloqramdır. Yerindən 320 km/saat həddinə Aston Martin Valkyrie 10 saniyəyə sürətlənir. Onun tam dayanmasına isə 5 saniyə tələb olunur.
Cəmi 150 ədəd ümumi yollar və 25 ədəd trek üçün nəzərdə tutulmuş avtomobil istehasal ediləcəkdir. Hər bir hiperkarın qiyməti ən azı üç milyon dollar olacaq.
İlk avtomobillər sifarişçilərə 2019-cu ildə çatdırılacaqdır.