Aston Martin şirkəti Valkyrie hiperkarının alıcılarına geniş fərdiləşdirmə imkanları təklif edir. Eksklyuziv layihələr ilə məşğul olan Q by Aston Martin bölməsi tərəfindən hazırlanmış proqram hiperkarın rəng sxemini və salon tərtibatı materiallarını seçmək, həmçinin trek dəstinə daxil olan opsiyalardan yararlanmaq imkanı verir.
AMR Track Performance Pack adlandırılan bu dəst ümumi yollarda istifadə üçün sertifikatlaşdırılmayıb. Trek dəstinin tərkibinə daha aqressiv aerodinamikaya malik olan ön tərəf, kuzov panellərinin ikinci dəsti, titandan əyləclər, trek asqısı, maqnezium qatışığından hazırlanmış disklər və karbondan hazırlanmış aerodinamik disk qapaqları daxildir.
Bundan başqa, Vhiperkar sahibi üç yarış livreyasından birini seçə və yaxud Q by Aston Martin bölməsinin mütəxəssislərinə şəxsi livreyasını sifariş verə bilər. AMR Track Performance Pack avadanlığının quraşdırılmasına bir neçə gün vaxt tələb olunur.
Ümumi yollar üçün nəzərdə tutulmuş Aston Martin Valkyrie hiperkarının alıcıları model üçün eksklyuziv Slipstream Green, Liquid Petroleum, Ethanol Silver və Maximum Orange çalarlarından ibarət olan dörd tərtibat variantından birini seçə bilərlər. Avtomobilin damını və mühərrik bölümünün qapağını qara parlaq rəngə boyamaq və ya “görünən” karbondan hazırlamaq, qanadlarına isə titandan hazırlanmış emblemləri vurmaq olar.
Salon tərtribatı üçün müxtəlif rəngli alkantaradan, hörmə və ya adi dəridən, karbonplastikdən, anodlandırılmış alüminiumdan və titandan istifadə olunur. Bundan başqa, Aston Martin Valkyrie üçün 24 karatlıq qızıldan və “carbon jewelery” adlı materialdan hazırlanmış dekor elementləri də təklif edilir.