Aston Martin şirkəti hibridlərə və elektromobillərə keçidə hazırlaşır, lakin marka həvəskarlarına klassik superkarları təklif etmək şansını da əldən vermir. Brendin 110 illik yubileyi şərəfinə, heç bir elektrik əlavəsi olmayan kanonik V12 benzin mühərriki və alternativsiz mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş Aston Martin Valour kupesi hazırlanıb. Kupe məhdud saylı tirajla buraxılacaqdır.

İngilis istehsalçısı oxşar dizayna malik olan avtomobili üç il əvvəl nümayiş etdirib: bu, V12 atmosfer mühərriki ilə hərəkətə gələn məhdud tirajlı One 77 kupesinə əsaslanan xüsusi sifarişlə yeganə nüsxədə inşa edilmiş Aston Martin Victor superkarı idi. Lakin Valour superkarının donoru başqa bir modeldir – bu, keçən il təqdim olunmuş Aston Martin V12 Vantage modelidir.  Yeni superkarın şassisi, mühərriki və kuzovunun çərçivəsi məhz bu modeldən götürülüb.

Eksklüziv Victor modelində olduğu kimi, optikanın dizaynı, kapotun, baqajın və radiator barmaqlığının xarakterik forması 1977-ci ildən 1989-cu ilə qədər buraxılmış Aston Martin V8 Vantage kupesinin üslubunda hazırlanıb. Demək olar ki, bütün xarici kuzov panelləri yenidən yaradılıb, karbon lifindən geniş istifadə olunub, güc strukturu isə, yeni gücləndiricilərlə tamamlanıb (məsələn, arxa asqının dayaqları arasında bənd peyda olub). Bütün işıq texnikası işıqdiodlarındandır, qeyri-adi təkər disklərinin diametri 21 düymdür.

5,2-litrlik V12 biturbo mühərrikinin fırlanma anı dəyişməz (753 Nm) qalsa da, gücü 700-dən 715 at qüvvəsinə qədər artırılıb. Əgər V12 Vantage modelində yalnız ZF “avtomatı” tətbiq edilirdisə, Valour 6-pilləli mexaniki transmissiyanı alıb. Arxa ötürmə klassik özükilidlənən diffrensiala malikdir. Hərəkət rejimləri dəsti avtomobili dərhal döyüş əhval-ruhiyyəsinə tənzimləyir: Sport, Sport + və Track. Kupe standart olaraq adaptiv amortizatorlar və karbon-keramik əyləclər ilə (ön oxda altı porşenli, arxa oxda dörd porşenli) təchiz edilir.

Eksteryerdən fərqli olaraq, donor V12 Vantage modelinin interyeri minimal dəyişikliklərə məruz qalıb. Burada cihazlar panelinin yeganə displeyi (mərkəzdə "quyusu" olmayan), havalandırma sisteminin digər deflektorları və karbon liflindən dekor var, lakin ümumi arxitektura eyni qalıb. Oturacaqların üzlənməsi üçün, dəridən başqa, alcantara və ya ənənəvi ingilis tvidini seçmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin Valour modelinin tirajı 110 nüsxə ilə məhdudlaşdırılacaq. Ən maraqlısı isə, şirkət hələ də bütün partiyanın satıldığını bəyan etməyib. Hər bir avtomobilin qiyməti seçilmiş fərdiləşdirmə səviyyəsindən asılı olaraq 1-1,5 milyon funt-sterlinq arasında olacaqdır. İlk müştəri avtomobilləri bu ilin dördüncü rübündə hazır olmalıdırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.