Aston Martin Vanquish modeli ilkin olaraq 2022-ci ilə planlaşdırılmış debütündən öncə radikal dəyişikliklərə məruz qalıb. İngilis marlasının ən iri səhmdarı olan Lourens Strolla istinad edən “Autocar” nəşri kupenin ortamühərrikli quruluşu qoruyacağını, lakin Aston Martin şirkətinin hazırladığı V6 mühərrikinin əvəzinə Mercedes-AMG bölməsinin biturbo mühərrikini alacağını bildirib. Bundan əlavə, yeni modelin başqa adı alacağı da iddia olunur. Bir sözlə, 2018-ci ildən istifadə olunmayan Vanquish adı bərpa edilməyəcəkdir.
Aston Martin şirkəti Vanquish Vision konseptini 2019-cu ildə nümayiş etdirib. O zaman, başlanğıc səviyyəli superkarın şirkətin özünün hazırladığı 3,0-litrlik V6 biturbo mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusunu alacağı bildirilmişdi.
Lakin Mercedes-Benz şirkəti ilə tərəfdaşlıq britaniyalıları planlarını yenidən nəzərdən keçirməyə məcbur edib. Mercedes-AMG mühərriklərindən istifadə imkanı əldə edən Aston Martin şirkəti özünün mühərriki üzərindəki çalışmalara son verib.
Nəticədə, ilkin olaraq adı çəkilən V6 mühərriki ilə təchiz ediləcək Valhalla hibridi başqa daxili yanma mühərrikini alıb - bu, Mercedes-AMG GT Black Series modelindən götürülmüş 750 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərrikidir. Iki elektrik mühərriki ilə birlikdə bu aqreqat 950 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.
Çox güman ki, bu səkkizsilindrli mühərrikin bir elektromotor ilə təchiz edilmiş 630 at qüvvəli variantı Vanquish modelinə qismət olacaqdır. Arxa ötürməli kupenin hibrid qurğusunun ümumi gücü 840 at qüvvəsi olacaqdır. Bənzər hibrid qurğu Mercedes-AMG GT 63 S E Performance liftbekində də quraşdırılır.
Texniki hissədə baş vermiş radikal dəyişiklik Aston Martin şirkətini “kiçik” superkarın debütünü 2022-ci ildən 2025-ci ilə təxirə salmağa məcbur edib. Keçən yay debüt etmiş Valhalla modelinə gəldikdə isə, onun istehsalına 2023-cü ilin dördüncü rübündə başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.