Bu gün Aston Martin şirkəti növbəti nəsil Vantage modelinin ilk rəsmi şəkillərini dərc edib. Doğrudur, hələ ki kamuflyajla örtülmüş halda.
Bu ilin sonunda təqdimatı gözlənilən modelin dizaynı, iyun ayında nümayiş etdirilmiş patent təsvirləri ilə bənzərlik daşıyır. Kamuflyaj avtomobilin cizgilərini gizlətsə də, yeni modelin nazik formalı ön fənərlərə və Vulcan modelinin üslubunda radiator barmaqlığına malik olacağı indidən görünür.
Avtomobilin ön qanadlarındakı aerodinamik hava girişlərinə diqqət yetirsək, yeni kupenin də DB11 kupesi kimi Air Blade sistemi ilə təchiz ediləcəyindən şübhə etməmək olar. Eyni zamanda, iri təkər disklərinin arxasında gizlənmiş güclü əyləc mexanizmlərini də qeyd etmək lazımdır.
Aston Martin texniki detalları açıqlamasa da yeni kupenin əsasını DB11 modelinin qısaldılmış alüminium platforması təşkil etdiyi ehtimal olunur. Çox güman ki, yeni model DB11 modelindən tanış olan iki turbokompressorlu 4.0-litrlıik V8 mühərriki ilə təchiz ediləcəkdir.
Aston Martin DB11 modelində bu mühərrik 503 at qüvvəsi və 695 Nm fırlanma anı hasil edir. Əgər istehsalçı mühərrikin göstəricilərini dəyişməz saxlayarsa Vantage yerindən 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənəcək və 301 km/saat maksimal sürətə malik olacaqdır.