Aston Martin şirkəti və İsveçrənin Girard-Perregaux saat markası birgə hazırladıqları yeni məhsulu - 306 nüsxədə buraxılacaq Laureato Absolute Chronograph Aston Martin F1 Edition xronoqrafını təqdim ediblər. Saatın unikallığı ondan ibarətdir ki, onun 44 millimetrlik korpusu sözün əsl mənasında 2021-ci il mövsümünün iki Aston Martin yarış avtomobilindən götürülmüş titan və karbon lifindən hazırlanıb.

Girard-Perregaux və Aston Martin əməkdaşlığının məhsulu olan digər saatlar kimi, xronoqrafın siferblatası avtomobil istehsalçısının firma yaşıl rənginə boyanıb (boya səkkiz qatlıdır!) və məşhur Britaniya avtomobillərinin oturacaqlarındakı tikişlərə işarə edən rombşəkilli naxış ilə bəzədilib.

Xronoqraf 306 nüsxəlik tirajla buraxılacaqdır ki, bu da, Aston Martin komandasının pilotları Lens Stroll və Sebastian Fettelin 2022-ci ilin Britaniya Qran Prisində qət etməli olduqları ümumi məsafəyə (5,891 km x 52 dövrə) işarədir.

Saatın başqa bir xüsusiyyəti kauçukdan hazırlanmış titan toqqalı qayışı, eləcə də 63 daşdan ibarət mexanizmin göründüyü arxa sapfir şüşəsidir.

Laureato Absolute Chronograph Aston Martin F1 Edition xronoqrafının ABŞ-dakı satış qiyməti 27,8 min dollar olacaqdır. Beləliklə, yeni xronoqraf Aston Martin və Girard-Perregaux tərəfindən buraxılmış əvvəlki məhdud saylı saat xəttindən daha bahalıdır. Əvvəlki seriyadan olan xronoqraf üçün 18,1 min dollar tələb olunurdu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Buna baxmayaraq, Jacob & Co saat markasının Bugatti hiperkarlarına həsr etdiyi saat daha bahalıdır. 114 nüsxəlik tirajla buraxılmış ağ və ya çəhrayı qızıldan korpusu olan xronoqraf üçün 250 min avro ödəmək gərəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.