Aston Martin şirkəti, Red Bull şirkəti və onun baş mühəndisi Ədrian Nyui ilə birlikdə hazırladığı AM-RB 001 hiperkarının ilk prototipini rəsmi olaraq təqdim etmişdir. Məhdud sayda buraxılacaq avtomobilin rəsmi təqdimat mərasimi Britaniya istehsalçısının Qaydondakı mənzil-qərargahında keçirilmişdir.
Aston Martin şirkətinin rəhbəri Əndi Palmerin sözlərinə görə, seriya avtomobili zahiri cəhətdən prototipə maksimum bənzəsə də, "bir neçə millimetrlik" dəyişikliyə məruz qalacaqdır. Hiperkar tamamilə karbondan hazırlanmış quruluşa malik olacaqdır ki, onun gücünün çəkisinə olan nisbəti 1:1 göstəricisinə bərabər olacaqdır.
Avtomobilin salonundakı sərnişin oturacağı düz sürücü oturacağının arxasında yerləşəcəkdir.
Yeni avtomobil atmosfer tipli V12 mühərriki və KERS sistemi ilə hərəkətə gələn ortamühərrikli kupe olacaqdır. Hazırda yeddi litr iş həcmi olan bənzər mühərrik Aston Martin Vulcan trek superkarında quraşdırılmışdır ki, bu mühərrikin də gücü 800 at qüvvəsindən artıqdır.

Bununla belə, istehsalçı AM-RB 001 hiperkarının texniki göstəriciləri haqqında heç bir məlumat verməmişdir. Qeyri-rəsmi məlumata əsasən, güc qurğusunun ümumi gücü 1000 at qüvvəsi təşkil edəcəkdir. Hazırda Aston Martin 99-150 arasında ümumi yollar və 25 ədəd trek üçün nəzərdə tutulmuş hiperkar buraxmağı planlaşdırır. Yeni hiperkarın qiyməti təxminən 3,3 milyon avro olmalıdır. AM-RB 001 modelinin istehsalına 2017-ci ilin sonlarında başlanmalıdır. Sifarişçilər avtomobili 2018-ci ildə alacaqdırlar.