Aston Martin DB11/DBS superkarlar ailəsi böyük təkmilləşdirməyə hazırlaşır: yeni modellərin kamuflyajlı prototipləri artıq Avropa yollarında görünüblər. Onların artıq V12 mühərriki olmayacaqdır. Bu arada 2018-ci ildən istehsal olunan hazırkı DBS modelinin vida versiyası da hazırlanıb. Yeni Aston Martin DBS 770 Ultimate şirkətin ən güclü önmühərrikli avtomobili kimi təqdim edilir.
İstehsalçının öz məhsulu olan 5,2-litrlik V12 biturbo mühərriki yeni giriş və alışdırma sistemlərini əldə edib, üfürmənin maksimum təzyiqi isə 7% artırılıb. Nəticədə mühərrikin gücü 715-dən 770 at qüvvəsinə yüksəldilib, buna baxmayaraq, fırlanma anı dəyişməz qalıb: 900 Nm. Səkkiz pilləli ZF "avtomatı" yenidən tənzimlənib. Baza DBS modeli kimi, yeni versiyada da yüksək sürtünməli diferensial və karbon-keramika əyləclər quraşdırılıb: burada dəyişiklik yoxdur.
Təəccüblüdür ki, dinamik xüsusiyyətlər də əvvəlki səviyyədə qalıb. Maksimal sürət 340 km/saat, ilk “yüzlüyə” sürətlənmə müddəti isə 3,4 saniyədir: göründüyü kimi, vida versiyası standart DBS modeli ilə eyni göstəricilərə malikdir. Bununla belə, Aston Martin DBS 770 Ultimate vida versiyası trekdə daha maraqlı olmalıdır. Kuzovun ön hissəsində əlavə gücləndiricilər peyda olub ki, bu da ön hissənin sərtliyini 25%, kuzovun ümumi sərtliyini isə 3% artırmağa imkan verib. Yeni sükan sütunu da əvvəlkindən daha kəskindir. Nəhayət, asqı və sükan mexanizmi yenidən sazlanıb.
Aston Marton DBS 770 Ultimate modeli baza modeldən böyük mərkəzi hava kanalı olan yeni kapotu, eləcə də karbondan hazırlanmış və yenidən işlənilmiş kuzov dəsti (ön splitter, diffuzor, qapı kandarları və sairə) ilə fərqlənir. Model 21 düymlük orijinal təkər disklərini də alıb. Salon tərtibatında istifadə edilən karbon detalların sayı artırılıb və yeni üzlüklər peyda olublarr.
Aston Martin DBS 770 Ultimate “vida” modelinin bütün tirajı artıq satılıb: cəmi 300 kupe və 199 kabriolet istehsal olunacaqdır. Hazır avtomobillərin müştərilərə çatdırılmasına bu ilin üçüncü rübündə başlanılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.