Bu il Zagato Milano atelyesi bir əsrlik yubileyini qeyd edir. Bu əlamətdar hadisəni qeyd etmək üçün Aston Martin markası Vantage V12 modelinin xüsusi versiyasını hazırlayıb.
Məşhur Zagato atelyesi 1919-cu ildə Uqo Zaqato tərəfindən Milan şəhərində təsis edilib. Atelye nəinki avtomobillərin, həmçinin təyyarələrində üzərində işləyirdi. Doğrudur, hazırda Zagato daha çox avtomobillər ilə assosiasiya edilir.
Zagato atelyesinin ən iri və vacib tərəfdaşlarından biri Aston Martin markasıdır. İki şirkət arasındakı əməkdaşlıq 1950-ci illərdə başlayıb. O zaman, britaniya brendi yarışlarda italyan kuzovlarına malik olan sportkarlarla çıxış edirdi. 1960-cı ildə debüt etmiş Aston Martin DB4 GT Zagato modeli eksklyuziv avtomobillər xəttinin başlanğıcını qoyub. Bu xəttdən olan sonuncu modellər Vanquish Family Zagato Collection və DBZ Centenary Collection modelləri olub.
Zagato atelyesinin 100 illik yubileyi münasibəti ilə Aston Martin şirkəti Vantage V12 Zagato Heritage Twins by R-Reforged seriyasından olan avtomobilləri təqdim edib. Bu, Aston Martin şirkətinin lisenziyası ilə AF Racing AG tərəfindən yaradılmış R-Reforged brendinin ilk layihəsidir.
Aston Martin Vantage V12 Heritage Twins by R-Redforged iki versiyada buraxılacaqdır - Coupe və Speedster. Hər bir avtomobildən 19 ədəd buraxılacaqdır. Eksklyuziv avtomobilləri əldə etmək hüququnu əldə etmiş xüsusi seçilmiş müştərilər öz avtomobillərini bu ilin dördüncü rübündə təhvil alacaqdırlar.