Ferrari şirkətinin keçmiş əməkdaşları tərəfindən 1960-ci ildə təsis edilən ATS şirkəti yeni modeli hazırladığı barədə bəyanat verib.
"Autocar" dərgisinin məlumatına əsasən, yeni sportkarı Böyük Britaniyada sentyabr ayının əvvəlində keçiriləcək Salon Prive tədbiri çərçivəsində təqdim edəcəkdirlər. Yeni sportkar barədə ətraflı məlumat verilməsə də, onun iki turbokompressorlu V8 mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəyi məlumdur.
Bundan başqa, sportkar karbondan hazırlanmış kuzov elementlərinə, şassiyə və interyerə sahib olacaqdır.
Adı bilinməyən sportkarın dizaynı üzərində Fiat şirkətinin keçmiş böyük dizayneri və Bertone atelyesinin kordinatoru Emanuel Bombo işləyib.
Avtomobil ilkin olaraq 12 ədədlik tirajla buraxılacaqdır.
Sonradan nə qədər avtomobilin buraxılacağı məlum deyildir. ATS şirkətinin hazırladığı sonuncu yeni avtomobil 2016-cı ildə debüt etmiş Dieci qatı trek rodsteri olub. Paslanmayan poladdan şassi üzərində inşa edilən rodsteri 190 at qüvvəsi hasil edən 1.0-litrlik Honda motosikl mühərriki ilə təchiz ediblər.
Bu model ATS şirkətinin yenidən bərpasından sonra buraxılmış üçüncü avtomobil olub.