Audi şirkəti A3 Sportback hetçbekinin 45 TFSI e indeksli ikinci hibrid versiyasını təqdim edib. Xəbərlərimizi izləyənlər, bir neçə gün bundan öncə eyni indeksə malik olan Q3 krossoverinin debüt etdiyini xatırlaya bilələr. Yeni versiya, daha əvvəl təqdim edilmiş 40 TFSI e modeli ilə eyni güc qurğusuna malikdir, lakin bibrid qurğunun hasilatı 41 at qüvvəsi və 50 Nm artırılıb.
Audi A3 Sportback 45 TFSI e modelinin hibrid güc qurğusunun tərkibinə 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik, 6-pilləli S Tronic “robotuna” quraşdırılmış elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anı təşkil edir.
Gücü artırılmış qurğu sayəsində ön ötürməli A3 45 TFSI e hetçbeki 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir ki, bu da, A3 40 TFSI e modelində olduğundan 0,8 saniyə azdır. Hetçbekin maksimal sürəti də 5 km/saat artaraq 232 km/saata bərabər olub.
Hibrid hetçbek 100 kilometrə 1,4-1,5 litr benzin sərf edir. Hetçbek avtomatik olaraq elektrik ötürməsi ilə hərəkətə başlayır və daxili yanma mühərrikindən istifadə etmədən 74 kilometrə qədər məsafə qət edə bilər. Bu halda avtomobilin maksimal sürəti 140 km/saatda məhdudlaşdırılır. Elektrik mühərriki 13 kilovat-saatlıq litium-ion batareyadan qidalanır. Batareyanın məişət elektrik şəbəkəsindən tam doldurulmasına təxminən beş saat gərəkdir.
Audi A3 Sportback 45 TFSI e modelini parlaq dekoru olan qara staylinq-dəsti sayəsində tanımaq olar. İstəyə bağlı olaraq, avtomobili matrisa fənərləri və dinamik dönmə siqnalları ilə təchiz etmək olar. Bundan əlavə, yeni model daha iri 17-düymlük təkər disklərini, qırmızı əyləc supportlarını, tündləşdirilmiş şüşələrə, idman oturacaqlarına və ikizonalı iqlim nəzarəti sistemini əldə edib.
Almaniyada Audi A3 Sportback 45 TFSI e modelinin qiyməti 40.395 avrodan başlayər. Müqayisə üçün, 40 TFSI e versiyası 37.470 avroya təklif olunur.