Bu yaxınlarda avtomobil cəsuslarının fotokameralarına kamuflə edilmiş Audi A3 sedanı tuş gəlmişdir. Bu o deməkdir ki, tezliklə sedan restaylinq ediləcəkdir. A3 modelinin yeni nəsli üç il bundan öncə işıq üzü görmüşdür. Bu müddət ərzində bütün dünya üzrə 153 min ədəd A3 avtomobili satılmışdır. Yenilənmiş avtomobilin ilk nümayişi gələn il olacaq Paris sərgisində baş tutacağı ehtimal edilir.

Dərc edilmiş şəkillərdən göründüyü kimi, avtomobilin zahiri görkəmindəki əsas dəyişikliklər avtomobilin bamperləri və işıq texnikası ilə əlaqədardır.

Bundan əlavə, əvvəllər qeyd olunduğu kimi, A3 «virtual kokpit» adlanan 12,3-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz ediləcəkdir.

Mühərrik qammasında da yeniliklər gözlənilməkdədir. Şirkətdəki insayderlərin verdiyi məlumata əsasən, Audi A3 180 at qüvvəli 1,8-litrlik silindirlərin bir hissəsi söndürülə bilən turbo mühərrik ilə təchiz ediləcəkdir.