Audi şirkəti beşinci nəsil A4 ailəsinin yenilənmiş nümayəndələrini təqdim edib. Alman istehsalçısı yenilənmiş sedan və universal kuzovlu A4 və S4 modellərini, həmçinin yüksək keçimli A4 allroad universalını nümayiş etdirib.
Yenilənmiş A4 modellərinin eksteryerində baş vermiş dəyişikliklər radikal xarakter daşımır. Avtomobillər yeni ön fənərlərə, tərtibatı dəyişdirilmiş arxa işıq texnikasına, yeni formalı radiator barmaqlığına, yan kuzov panellərinə sahib olublar. Dəyişilməyən yalnız dam, kapot və baqaj bölümünün qapağı qalıb. Bundan başqa, S Line dəstinə malik olan modellər və S4 sedan və universalı radiator barmaqlığı ilə kapot arasındakı yarıq ilə seçiləcəkdirlər.
Restaylinq keçmiş Audi A4 modelləri standart olaraq LED fənərlər ilə təchiz ediləcəkdirlər. Opsional olaraq, avtomatik uzaq işıqları olan matrisa tipli ön fənərləri də sifariş etmək olar. Modelin rəng palitrasına yeni Terra Gray metallik rəngi də daxil edilib.
Yenilənmiş modellərin salon arxitekturası dəyişilməz qalsa da, multimedia sistemi ciddi şəkildə yenilənib: mərkəzi konsoldakı displeyin ölçüsü 8,3-dən 10,1 düymə qədər artırılmış, onun idarəetməsi isə sensorlu olmuşdur. Bu səbəbdən də, almanlar mərkəzi tonneldəki kontrollerdən imtina ediblər. Böyük modellərdəki kimi, ekran toxunuşa çıqqıltı ilə cavab verərək, toxunuşu duyulan edir. Multimedia sistemini səslə də idarə etmək mümkündür. Cihazlar paneli standart olaraq analoq cihazlarından ibarətdir. Əlavə ödənişlə FullHD icazəyə malik olan və daha müasir qrafikaya malik olan virtual cihazlar panelini də sifariş etmək olar. Bundan başqa, A4 modelləri yeni sükana və ətraf işıqlandırmasına da sahib olublar.
Avtomobil şəhər infrastrukturu ilə qarşılıqlı işləməyi də öyrənib. Məsələn, işıqforlarla əlaqədə çalışan sistem sürücüyə «yaşıl dalğada» hərəkət etmək üçün optimal sürəti məsləhət görür. Hələlik bu funksiya İnqolştadt və Zalsburqda aktivdir. Bir ildən sonra bu siyahıya Hamburq və Ştutqart da daxil ediləcəkdir. Bu şəhərlərin ardınca Madrid, London və digər avropa şəhərlərində də bu sistem aktiv olacaqdır.
MyAudi tətbiqi sayəsində smartfondan avtomobilin vəziyyətinə nəzarət etmək olar. Android əməlyyat sistemli smartfonlardan isə, açar kimi də istifadə etmək mümkündür. Bu açarın köməkliyi ilə maşını açmaq və mühərriki işə salmaq, həmçinin 14 istifadəçinin fərdi tənzimləmələrini yadda saxlamaq olar.
Avtomobilin şassisində ciddi dəyişiklik yoxdur - istehsalçı dörd asqı variantını təklif edir. Alıcılar standart, idman, klirensi 10 millimetr azaldılmış adaptiv və nəhayət klirensi 23 millimetr azaldılmı adaptiv idman şassisindən birini seçə bilərlər.
Yenilənmiş modelin mühərrik çeşidi ciddi şəkildə yenilənib. Təklif edilə səkkiz mühərrikdən altısı «yumşaq» hibriddir. Bütün 2,0-litrlik benzin turbomühərriklər (150, 190 və 245 at qüvvəli) və iki dizel mühərriki (136 və 163 at qüvvəsi) kəmər ötürməsi olan 12 voltluq startyor-generator ilə təchiz edilibdlər. Hibrid olmayan mühərriklər isə, 190 at qüvvəli 2,0-litrlik (40 TDI) və 231 at qüvvəli 3,0-litrlik (45 TDI) dizelləridir. Mexaniki ötürmələr qutusu yalnız 150 at qüvvəli benzin modifikasiyası üçün nəzərdə tutulub. Qalan mühərriklər isə S tronic qutusu ilə təchiz edilirlər.
Audi S4 sedan və universalları başqa tərtibata malik olan radiator barmaqlığı və daha aqressiv aerodinamik kuzov dəsti ilə seçilirlər. «Qaynar» sedan və universalların kapotunun altında EA897 mühərrikinin ən güclü variantı yerləşibdir: 3,0-litrlik dizel mühərriki yeni porşenlərə, sürgü qoluna, dirsəkli vala və yağlama sisteminə malik olub. Silindirlər bloku və başlığı isə soyutmanın ayrı konturları ilə təchiz edilirlər.
Bununla yanaşı, “qaynar” modellər sadə hibrid hissəyə də malikdirlər. 48-voltluq şəbəkədən qidalanan startyor-generator sürətlənmənin ilk saniyələrində yardım edir. Onun cavabdehlik sahəsinə mühərrikin yeyin işə salınması da daxildir ki, bunun sayəsində gillətmə ilə hərəkət zamanı elektronika mühərriki 40 saniyə müddətinə söndürə bilər. Əyləcləmə zamanı isə (işıqfora yaxınlaşan zaman) daxili yanacaq mühərriki artıq 22 km/saat sürətində söndürülə bilər.
Adi turbokompressora, qanadcığı 70 min dövr/dəqiqəyə qədər sürətləndirən yeddi kilovatlıq mühərriki olan elektrik kompressoru yardım edir. Ənənəvi 12-voltluq sistem bu yükə dözmədiyinə görə, güc qurğusu 48-voltluq şəbəkə və 10 amper-saatlıq litium ion batareyası ilə dəstəklənir. Elektrik kompressoru 1650 dövr/dəqiqəyə kimi effektivdir, sonra isə adi turbokompressor tam gücü ilə çalışmağa başlayır. Audi S4 Sedan və S4 Avant modellərində quraşdırılan aqreqatın hasilatı 347 at qüvvəsi və 700 Nm-dir.
Dizel mühərrikli “qaynar” sedan 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir. S4 Avant TDI modeli isə bu işə 4.9 saniyə sərf edir. Hər iki modelin maksimal sürət həddi 250 km/saat həddində məhdudlaşdırılıb. Müəyyən bazarlarda Audi S4 ailəsi 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik TFSI mühərriki, səkkiz pilləli S-tronic və quattro tam çəkiş sistemi ilə təklif ediləcəkdir.
Yenilənmiş A4 modellərinə sifarişlər artıq qəbul edilir. Onların satışlarına isə bu ilin payızında başlanmalıdır. Yenilənmiş modelin satış qiyməti 35900 avrodan başlayır. Audi A4 edition one «salamlama» modifikasiyası isə 53600 avroya başa gələcəkdir.