A4 formatının həyatımızda böyük rol oynadığını söyləsək yanılmarıq. Buna misal, gündəlik çap etdiyimiz, oxuduğumuz, işlətdiyimiz sənədlərin əksəriyyətinin A4 formatında olan kağızda hazırlanmasını göstərmək olar. Audi şirkəti üçün böyük əhəmiyyət kəsb edən modelin də A4 adlandırılması bəlkə də təsadüfi deyildir.

Azərbaycan bazarında A6 sedanı qədər populyar olmasa da, Avropa bazarında A4 ailəsi İnqolştat şirkətinin ən təsirli və təhlükəli silahlarından biridir. Bir çoxlarının bildiyi kimi, Audi A4 modelinin əsas missiyası BMW şirkətinin 3-Series və Mercedes-Benz şirkətinin C-Class modelləri ilə rəqabətin aparılması və onların müştərilərinin əllərindən alınmasıdır. Bu səbəbdən də Audi şirkəti bu modelin yenilənməsinə çox diqqətli yanaşır.

Tarixə nəzər salsaq ilk A4 modelinin - B1 şifrəli avtomobilin 1972-ci ildə dünyaya gəldiyinin şahidi olarıq. Düzdür, o zaman avtomobil Audi 80 kimi tanınırdı və bir çox Audi həvəskarları onu yumru formalarına görə məhəbbətlə «çəllək» adlandırmışdılar. Hazırda testlərini həyata keçirdiyimiz avtomobil isə A4 modelinin doqquzuncu nəslidir.  Bildiyimiz kimi, yeni Audi A4 modeli keçən ilin iyun ayında təqdim edilmişdir.

Avtomobilin kütləvi nümayişi isə, payızda keçirilmiş Frankfurt avtosalonunda baş tutmuşdur. Hal-hazırda A4 modeli alman üçlüyünün (A4, 3-Series, C-Class) içərisində ən yeni model sayılır. Yeni avtomobil, ənənəyə sadiq olaraq bir gədər artmış ölçülərə malikdir. Belə ki, yeni avtomobil sələfindən 25 millimetr uzun və 16 millimetr enlidir. Bu o deməkdir ki, Audi A4 modelinin qabarit uzunluğu 4726 millimetr, eni - 1842 millimetr, hündürlüyü isə, 1427 millimetr təşkil edir. 

Yeni avtomobilin təkər bazasının uzunluğu 2820 millimetrə bərabərdir ki, bu göstəriciyə görə yeni avtomobil sələfini 12 millimetr üstələyir. Bu rəqəmlər A4 modelinin bu üçlük arasında ən iri avtomobil olduğundan xəbər verir. Avtomobil təkcə təkər bazasının uzunluğuna görə Mercedes-Benz C-Class modelinə uduzur - sonuncu 2840 millimetrlik bazaya malikdir.

Ksenon ön fənərlər cazibədarlığı ilə seçilmirlər. LED fənərlər avtomobili daha gözəgəlimli edir

Həqiqətən də, bütün bunları görmək üçün xətkeşi götürüb avtomobilin enini-uzunluğunu ölçmək gərək deyil - hər iki avtomobili yan-yana qoysaq, vizual olaraq ölçülərin dəyişdiyini müşahidə edə bilərik. Qeyd etmək lazımdır ki, ölçülərin dəyişməsi birbaşa avtomobilin iç məkanının genişlənməsinə gətirib çıxarmışdır. Özü də bu genişlənməni ən çox hiss edən arxa cərgənin sərnişinləri olacaqdır. 

Avtomobilin salonunun vizual genişliyini təmin edən digər bir faktor interyerin dizaynıdır. Əvvəkli nəsil A4 modelinə nisbətən yeni avtomobilin interyeri daha işıqlı və daha geniş təsir bağışlayır. Bunu dörd ildir B8 modelini istismar edən bir şəxsi kimi təsdiqləyirəm. Yeni avtomobilin ön paneli və mərkəzi konsolunun arxitekturası bir müddət bundan əvvəl sınaqdan keçirdiyimiz bayraqdar krossoveri olan Audi Q7 modeli ilə bənzərlik daşıyır. Çox güman ki, eyni dizayn üslubunu 2017-ci ildə təqdim ediləcəyi ehtimal edilən Audi A6 modelində də görəcəyik.

Yeni A4 modelinin interyerinin tərtibatında istifadə edilən materialların kefiyyətinə gəldikdə isə, çox da ciddi dəyişikliklərin olduğunu hiss etmədim. Bu sarıdan əvvəlki model də korluq çəkmədiyindən, çox güman ki, Audi mütəxəssisləri bu sahədə geniş dəyişikliklərə ehtiyac görməmişdirlər. İnqolştatda interyer üçün təklif olunan rəng çalarlarının və işləmə materiallarının çeşidinin artırılmasına qərar vermişdirlər. Fikrimcə, interyerdə ən ciddi inkişaf yığım kefiyyətinin səviyyəsindədir. 

Avtomobilin qabaritləri hiss olunacaq dərəcədə artmışdır

İnqolştatlı mütəxəssislər sürücünün həyatını yüngülləşdirmək üçün əllərindən gələni etmişdirlər. Erqonomik cəhətdən ən uğurlu həll yollarından biri sürətlər qutusunun selektorunun dəstəyini göstərmək olar. Bu dəstək sayəsində rahatlıqla MMİ sisteminin bütün orqanlarından istifadə etmək mümkündür. Eyni zamanda MMİ sisteminin düymələrindən istifadə etmək daha rahat və anlaşılan olmuşdur.

Erqonomika sahəsindəki yeganə iradım yan arxa görüntü güzgülərin formasınadır - aerodinamikanın yaxşılaşdırılmasına xidmət göstərən yeni güzgülərin sahəsi əvvəlki modelin güzgülərinə nisbətən daha kiçikdir. 

Doqquzuncu nəsil A4 modelinin təqdimatından dərhal sonra müzakirə obyekti olan və Audi markasının pərəstişkarları arasında mübahisə mənbəyinə çevrilən eksteryerin dizaynı haqqında bir neçə kəlmə söyləmək istərdim.

A4 modeli İnqolştat markasının rəqiblərlə mübarizədə ən kəsərli silahı olduğu üçün inqolştatlılar bu modelin dizaynında edilən dəyişikliklərə xüsusi həssaslıqla yanaşırlar. Sonuncu dörd nəslin eksteryerinin dizaynına nəzər salsaq, dizaynerlərin təkamül yolunu seçdiyinin şahidi olarıq. Avtomobilin alıcı kütləsinin inqilabi dəyişikliklər yolundan xoşlanmayacağını bilən Audi mütəxəssisləri radikal dəyişikliklərə əl atmaqdan çəkinirlər.

Güzgülərin forması aerodinamikaya xidmət edir, amma arxa görüntünü bir qədər məhdudlaşdırır

Yeni avtomobil də bu qaydalardan kənarda qalmamışdır. Avtomobilin dizaynının tam yenilənməsinə baxmayaraq, o A4 ailəsinə xas olan irsi cizgiləri qoruyub saxlamışdır. Sadə bir misal, avtomobilə yaxınlaşan anam gülümsəyərək - «Bəs deyirsən testə maşın götürmüsən? Bu ki, sənin maşınındır» ,- dedi. Güman edirəm ki, artıq şərhə ehtiyac yoxdur.  

Əgər məndən yeni A4 modeinin nə ilə yadda qalığını soruşsanız, ilk növbədə avtomobilin şassini göstərərdim. Bildiyimiz kimi, yeni avtomobil MLB modul plantormasının ikinci nəsli olan MLB evo platformasında yığılmışdır. Xatırladıram ki, bu platformada hazırlanan ilk avtomobil Audi Q7 modelinin ikinci nəsli olmuşdur. Yeni A4 modelinin hərəkət zamanı təmin etdiyi rahatlıq və idarəetmə xüsusiyyətləri avtomobilin asqı sistemində ciddi dəyişikliklərdən xəbər verir. Həqiqətən də, yeni avtomobil həm öndə, həm də arxada yeni beşqollu asqı ilə təchiz edilmişdir. Əvvəlki nəsl avtomobildə çoxqollu sistem ancaq arxa asqıda tətbiq edilirdi, öndə isə ikili qollardan istifadə edilirdi.

Yeni A4 sedanının asqısı onun sələfinə nisbətən daha hamar gedişi, yığcamlığı və səssizliyi ilə seçilir. Test etdiyim avtomobil Drive select idarəetmə sistemi ilə təchiz edilmişdir ki, bu sistem də beş rejimə - Auto, Comfort, Dynamic, Efficiency və İndividual rejimlərinə malikdir. Ən maraqlısı oldur ki, hansı rejimi seçirsinizsə seçin, bu sərnişinlərin rahatlığına heç bir təsir göstərməyəcəkdir.

Asqı istənilən halda rahatlığı təmin edir - hətta, idman xarakterli Dynamic rejimində belə. 

Bundan sonra Audi modellərinin interyerləri bu üslubda hazırlanacaq.

Sükan idarəetməsi sürücünün komandalarını aslanlıqla, dəqiq və tez şəkildə həyata keçirir. Lakin, yeni sükan sistemində xoşlamadığım xüsusiyyət idarəetmədə sünilik hissinin artmasıdır - əvvəlki nəsil A4 modelində sükan idaretməsi indikinə nisbətən sürücünü daha çox məlumatla təmin edirdi.  Yeni A4 məndə ehtiraslardan uzaq sakit xarakterli bir avtomobil təəssüratı yaratmışdır.

Audi Bakı Mərkəzi hal-hazırda satışda olan avtomobilləri əsasən 190 at qüvvəsi gücü və 320 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindirli turbomühərriklə təchiz edir. Çox güman ki, İnqolştat istehsalçısının yerli nümayəndəsi əsas üstünlüyü bu mühərrikə verəcəkdir. Əlbəttə ki, Audi şirkətinin arsenalında digər benzin və dizel mühərrikləri də mövcuddur, lakin, yerli müştərilərin tələbat və istəklərini təhlil etsək bu seçimin ən doğru olduğunu söyləmək olar.  Güc aqreqatı yeni «yaş» muftalı 7 pilləli robotlaşdırlımış S-Tronic sürətlər  qutusu ilə birgə çalışır.  Bu tandem mühərrikin fırlanma anını ön oxa ötürür. 

S-Tronic qutusunun işləməsində hiss olunacaq bir problem yoxdur - ötürmələr «robotlara» xas çevikliklə aparılır. Sürətlər qutusunun təkmilləşdirməsinə baxmayaraq, yerindən hərəkətə başlayan zaman, bu sayaq qutulara xas olan dürtmələri də müşahidə etmək olar. Audi mütəxəssisiləri yeni qutunun qənaətcillik baxımından Multitronic variatorundan geri qalmadığını bildirsələrdə, testlər zamanı avtomobilin bortkompyüteri ortalama yanacaq sərfiyyatının 11.2 litr olduğu göstərdi.

Qeyd etmək istəyirəm ki, sahibi olduğum A4 1.8 TFSİ Multitronic modelinin ortalama yanacaq sərfiyyatı 9,0 - 9,8 litr arasındadır.

Aslan sıçrayışına bənzəməsə də, sürətlənmə lazımi dərəcədə yeyindir

Bizim öhdəmizə verilən avtomobilin qiyməti 59,5 min manat təşkil edir ki, dollar ekvivaletnidə də bu 39 min ABŞ dollarına bərabərdir. Xatırlayırsınız isə, bir il bundan öncə 1,8-litrlik mühərriklə təchiz edilmiş avtomobil diler tərəfindən 33,6 min manata təklif edilirdi ki, bu da o zaman 43 min ABŞ dolları demək idi. 2,0-litrlik mühərriklə təchiz edilən avtomobil isə 36,5 min manata satılırdı ki, bu da öz növbəsində 46,7 min ABŞ dolları təşkil edirdi. Göründüyü kimi, faktiki olaraq, yeni model əvvəlkindən bir qədər də ucuzdur. Əlbəttə ki, dollar ekvivalentində. Audi Bakı Mərkəzinin saytına daxil olub yeni modelin təchizatını araşdırsaq, təklif edilən avtomobilin diler tələfindən tərtib edilmiş və yerli müştərilərin tələbatını təmin edən avadanlıqlar siyahısına malik olduğunu görərik. Bu avadanlıqların içərisində arxa baqaj qapağının sensorunu, adaptiv ön fənərləri, uzaq işığın dəyişdirilməsi assistenti, Audi Presense dəstini də qeyd etmək olar. Yeri gəlmişkən, sonuncu test müddətində iki dəfə xəbərdarlıq etdi və hər iki hal da dairəvi hərəkət qovşağına daxil olan zaman baş verdi.

Bu da bizim sürücülərin yol hərəkəti qaydalarına nə dərəcədə əməl etdiyinin bariz nümunəsidir.

Arxa cərgənin sərnişinləri artmış məkan sayəsində razı qalacaqdırlar

Avtomobilin təchizatına mübahisə doğuracaq bir neçə məqama aydınlıq gətirmək istərdim. İlk növbədə, təklif edilən avtomobilin təchizatına daxil edilmiş S-line eksteryer dəstinin əvəzinə müasir LED ön fənərlərin quraşdırılmasını təklif edərdim.

Birincisi, avtomobilin standart bamperlərinin dizaynı heç də pis alınmayıb, ikincisi isə LED fənərlər standart ksenon fənərlərə nisbətən daha effektivdir, həm də gözəllik baxımıdan avtomobili daha cazibədar edir. Digər bir iradım isə, qabaq oturacaqların isidilməsinin olmamasıdır. Premium sayılan bir avtomobildə, bundan da aşağı seqmentdə yerləşən avtomobillərdə standart olaraq təklif edilən bir avadanlığın olmaması qəribə görünür.

Nəticədə, yeni Audi A4 modelinin texniki cəhətdən sələfindən çox üstün olduğunun, daha müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edildiyinin, yaxşı səviyyədə rahatlıq və idarəolunma xarakteristikalarını təklif etdiyinin şahidi olduq. Bu arada, EuroNCAP tərəfindən keçirilmiş krəş-testlərdə avtomobil ən yüksək bala - 5 ulduza layiq görülmüşdür.

Müsbət cəhətləri: rahatlıq və idarəolunma, yığım kefiyyəti, yüksək təhlükəsizlik standartları, təchizatı,

Mənfi cəhəti: sükan sistemindəki sünilik, arxa görüntü güzgülərinin forması.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt