Audi şirkəti rəsmi olaraq yeni nəsil A5 kupesinin təqdim ediləcəyi tarixi açıqlamışdır. Alman şirkəti, premyera öncəsi, İnqolştatdakı mənzil-qərargahının binası üzərində möhtəşəm lazer şousu təşkil edəcəyini bildirmişdir. İstehsalçı şounu təşkil etməklə Audi A5 kupesinin yaradıldığı şəhərin sakinlərinə öz minnətdarlığını bildirmək arzusundadır. Lazer şousu ilə bərabər, mənzil-qərargahın önündə sitayiş obyektinə çevrilmiş on iki ədəd kupe avtomobili nümayiş etdiriləcəkdir.

Alman istehsalçısı tərəfindən təşkil edilmiş lazer şousu 25 may tarixindən 30 maya qədər davam edəcəkdir. Əllidən çox proyektor videogörüntüləri şirkətin binasının divarlarında əks etdirəcəkdir. Hər bir videoçarxın yayımlanmasına on dəqiqədən çox vaxt sərf edilməməlidir. Yeni kupenin təqdimatına gəldikdə isə, Audi A5 modelinin ilk rəsmi nümayişinin 2 iyun tarixində təşkil ediləcəyi bildirilmişdir. Çox güman ki, təqdimat elə buradaca, İnqolştatda baş tutmalıdır.

Bir müddət bundan öncə,yeni kupenin dərc olunmuş kamuflyajlı fotoşəkillərindən, avtomobilin kuzovunun kardinal dəyişikliklərə məruz qalmayacağı aydın görünür. Çox güman ki, yeni kupe iki il bundan öncə nümayiş etdirilmiş Audi Prologue konseptində həllini tapmış bir sıra dizayn elementlərini əldə edəcəkdir. Bizim fikrimizcə isə, yeni kupenin çöhrəsində artıq satışlarına Azərbaycanda start verilən Audi A4 modelinin də tanış cizgilərinə rast gəlmək mümkün olacaqdır.