Audi şirkəti dünən İnqolştatdakı Forumda keçirilmiş tədbirdə yeni nəsil Audi A5 və onun «qaynar» variantı olan S5 modellərinin rəsmi təqdimat mərasimini keçirmişdir. Yeni kupe platformasını dəyişmiş, uzadılmış təkər bazasına və yenidən nəzərdən keçirilmiş mühərrik çeşidinə malik olmuşdur. Yeni nəsil A5 kupesinın çəkisi sələfi ilə müqayisədə 60 kiloqram azalmışdır. Audi A5 modelinin yeni nəsli mühərriki uzununa yerləşən avtomobillər üçün nəzərdə tutulmuş MLB modul platformasında yığılmışdır.
Bu yeni kupenin Audi A4 ailəsi ilə nəinki eyni şassini, həmçinin, öndə və arxada quraşdırılmış beşqollu asqını da paylaşdığı anlamına gəlir. Bundan başqa, yeni Audi A5 alman şirkətinin model cərgəsində müasir quattro ultra tam çəkiş sistemini əldə etmiş ikinci model olmuşdur.
Xatırladaq ki, bu sistemdə mərkəzi Torsen differensialı elektronika ilə idarə edilən mufta ilə əvəzlənmişdir. Eyni zamanda A5 kupesi yeni elektromexaniki sükan gücləndiricisi və sükandakı müqaviməti avtomobilin sürəti və dönmə bucağından aslı olaraq dəyişən opsional «aktiv» sükan sistemi ilə də təchiz ediləcəkdir.
Yeni Audi A5 modeli ümumilikdə beş mühərriklə təklif ediləcəkdir ki, bunlardan ikisi benzin, üçü isə dizel güc aqreqatları olacaqdır. Təklif ediləcək mühərriklər 190 - 286 at qüvvəsi diapazonundan gücə malikdirlər. Alman istehsalçısının təqdim etdiyi məlumatda yeni mühərriklərin əvvəlkilərə nisbətən 17 faiz daha güclü və 22 faiz daha qənaətcil olduğu bildirilmişdir.
Yeni Audi A5 modelinin aerodinamik müqavimətinin əmsalı 0,25 bərabərdir ki, almanların iddiasına görə bu sinifdə ən yaxşı göstəricidir
Yeni kupenin mühərrik çeşidinə daxil olan güc aqreqatlarının əksər hissəsini altı pilləli mexaniki və yeddi diapazonlu iki muftalı «robot» ilə, eyni zamanda öndən və tam çəkiş sistemləri ilə birlikdə sifariş etmək mümkündür.
Bununla bərabər, A5 modelinin 286 at qüvvəli altı silindirli dizel mühərriki ilə təchiz edilmiş top-variantı və «qaynar» S5 modifikasiyası səkkiz pilləli ZF avtomatik sürətlər qutusu ilə təklif ediləcəkdir. Hər iki modifikasiya yalnız tam ötürməli çəkiş sistemi ilə təchiz ediləcəkdir. Əlavə olaraq, aktiv arxa differensialı da sifariş etmək mümkündür.
Kupenin «qaynar» variantı olan Audi S5 modifikasiyası 354 at qüvvəli 3,0-litrlik altı silindirli turbomühərriklə hərəkətə gələcəkdir.
«Qaynar» kupe 100 kilometr-saat həddinə 4,7 saniyəyə sürətlənəcəkdir. Audi S5 modeli 100 kilometrə ortalama 7,3 litr yanacaq sərf edəcəkdir.
Kupenin təchizatına 12,3-düymlük rəqəmsal displeyi olan Virtual Cockpit cihazlar paneli, işıqdiodlarından hazırlanmış ön işıq texnikası, mərkəzi konsolda 8,3-düymlük ekranı və taçpadı olan, Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən MMI multimedia sistemi daxil olacaqdır. Avtomobilin bir sıra sistemlərini smartfona yazılmış əlavənin köməyi ilə idarə etmək mümkün olacaqdır. Buna misal olaraq, mərkəzi kilid sistemini göstərmək olar.
Yeni modelin əlavə avadanlıq siyahısına smartfonların naqilsiz qidalanması üçün xüsusi meydança, Bang&Olufsen səs sistemi, yol nişanlarının oxunması, zolaqlara və kor zonalara nəzarət sistemləri, avtomatik parketmə sistemi, tıxaclarda avtomobili sərbəst hərəkət etdirən adaptiv kruiz-kontrol və LTE şəbəkələrinə qoşulmağı təmin edən Wi-Fi nöqtəsi daxil edilmişdir. Almaniyada A5 modeli Avropada mobil internetə daxil olmaq imkanı yaradan quraşdırılmış eSIM kartı ilə də təklif ediləcəkdir.
2017-ci ildə kupenin «bərkgedən» variantı olan Audi RS5 modelinin təqdim ediləcəyi gözlənilir. Bu model 450 at qüvvəsinə malik olan iki turbokompressorlu V6 mühərriki ilə təchiz ediləcəkdir. Avtomobilin kütləvi nümayişi bu ilin payızında keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.