Audi şirkəti rəsmi olaraq yeni nəsil A5 Cabriolet və onun “qaynar” variantı olan S5 Cabriolet modelini təqdim etmişdir. Açıq avtomobil idman görünüşlü eleqant dizaynı əldə emiş, ölçüləri böyümüş, sələfindən daha rahat və istifadədə asan olmuşdur. Yeni kabrioletin rəsmi təqdimat mərasimi bu ay keçiriləcək Los-Anjeles avtosalonunda baş tutacaqdır.
Yeni Audi A5/S5 Cabriolet modelinin eksteryer və interyerinin dizaynı bundan öncə Audi A5/S5 Coupe və Audi A5/S5 Sportback modellərində debüt etmiş dizayn üslubunda hazırlanmışdır. Audi A5/S5 Cabriolet modeli Volkswagen Group’a məxsus olan MLB Evolution modul platformasında yığılmışdır. Yeni platformanın tətbiqi avtomobilin çəkisini 40 kilqoram azaltmağa imkan vermişdir.Kabriolet 15-18 saniyə müddətində açılan yumşaq tavan örtüyü ilə təchiz edilmişdir ki, tavanın açılıb-bağlanılması 50 km/saat sürətinə qədər həyata keçirilə bilər. Audi A5 Cabriolet modelinin ikinci nəsli sələfindən 47 millimetr uzundur. Avtomobilin qabarit uzunluğu 4673 millimetr təşkil edir. Kabrioletin təkər bazası da 14 millimetr artaraq 2765 millimetrə bərabər olmuşdur. Alman şirkətindən verilən məlumatda arxa oturacaqlarda olan məkanın artdığını, baqaj bölümünün həcminin isə 50 litr artaraq 380 litrə çatdığını bildirmişdirlər. Audi A5 kabrioletinin arxa oturacaqları 50:50 nisbətində qatlanır.
Yeni kabriolet ikinci nəsil A5/S5 Coupe və A5/S5 Sportback modellərindən tanış olan mühərriklərlə təchiz ediləcəkdir. İlkin olaraq kabriolet 252 qüvvəli 2,0 TFSİ, 190 qüvvəli 2,0 TDİ və 218 qüvvəli 3.0 TDİ mühərrikləri ilə təklif ediləcəkdir. Sonradan 2,0-litrlik 190 at qüvvəli benzin mühərriki və 286 at qüvvəli 3,0-litrlik altı silindirli dizel mühərriki də yeni kabrioletin mühərrik çeşidiə daxil ediləcəkdir. İstehsalçı yeni mühərriklərin 17% daha güclü və 22% faiz daha qənaətcil olduğunu iddia edirlər. Güc aqreqatları 6-lilləli müxaniki, 7-pilləli iki muftalı S Tronic “robotu” və 8-pilləli Tiptronic (ən güclü dizel variantı üçün nəzərdə tutlmuşdur) avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdırlar. Məşhur Quattro tam çəkiş sistemi də kabriolet üçün əlçatandır. “Qaynar” Audi S5 Cabriolet modeli 354 at qüvvəsinə və 500 Nm fırlanma anına malik altı silindirli 3,0-litrlik turbomühərriklə hərəkətə gəlir. Beləliklə, yeni kabriolet sələfindən 21 at qüvvəsi daha güclü olmuşdur. İstehsalçı tərəfindən verilən məlumatda “qaynar” kabrioletin 100 km/saat həddini 5,1 saniyəyə topladığı bildirilir. Onun maksimal sürəti isə 250 km/saat həddində məhdudlaşdırılmışdır. Audi S5 Cabriolet modeli standart olaraq 8-pilləli Tiptronic “avtomatı” və Quattro tam çəkiş sistemi ilə təchiz edilir.
İkinci nəsil A5/S5 Cabriolet modelinin avadanlıq siyahısına 12,3-düymlük Audi Virtual Cockpit rəqəmsal cihazlar paneli, 8,3-düymlük sensorlu ekranı, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən MMİ multimedia kompleksi, 10 GB-lıq sərt disk, Wi-Fi giriş nöqtəsi, Bang&Olufsen 3D premium səs sistemi və sairə daxil edilmişdir.
Bundan başqa, avtomobilin təchizatına çoxlu sayda aktiv və passiv təhlükəsizlik sistemləri və elektron “köməkçilər” daxildir.
Audi A5/S5 Cabriolet modelinin Avropadakı satışlarına gələn ilin mart ayında başlanacaqdır. Yeni kabriolet 49350 və 67800 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir.