30 il əvvəl meydana çıxan Audi A4 avtomobilləri artıq əvvəlki kimi olmayacaqlar, çünki yeni plana əsasən, cüt nömrəli Audi avtomobilləri elektromobillərə çevrilməlidirlər. Buna görə də dünən təqdim edilən yeni nəsil Audi A5 əslində əvvəlki yanacaqlı A4 modelinin davamçısı olacaq. Üstəlik, qeyri-adi bir kuzov çeşidi ilə... Avant universalı ənənəvi formatını qoruyub saxlayıb, lakin çeşiddə sedan olmayacaq. Şirkətin Audi A5 Sedan adlandırdığı avtomobil isə, əslində beşqapılı liftbəkdir!
Audi A5 Sedan
Yeni Audi A5 tamamilə yeni kuzovlara malikdir, baxmayaraq ki, onun dizaynı tanınandır: şirkət ikimərtəbəli optikanı elektromobillər üçün saxlayıb. Arxa fənərlər ikinci nəsil OLED matrisa texnologiyasından istifadə edilməklə hazırlanıb: onlar üçölçülü işıq naxışına və animasiya funksiyasına malikdirlər.
Bundan başqa, arxa optika maraqlı bir funksiyaya malikdir - dayanmış avtomobilə çox yaxınlaşdıqda xüsusi işıqlar işə düşərək arxadan gələn sürücünü təhlükəli yaxınlaşma barədə xəbərdar edir. “Batırılmış” qapı tutacaqları daha çox axarlılığı təmin etməlidirlər.
Audi A5 Sedan
Nəsil dəyişikliyi ilə Audi A5 ailəsi nəzərəçarpacaq dərəcədə böyüyüb: avtomobilin uzunluğu 4829 millimetr, eni - 1860 millimetr, təkər bazası isə, 2900 millimetrdir. Beləliklə, A5 əvvəlki A4 modelindən 67 millimetr uzun, 13 millimetr enlidir. Təkər bazası isə, 80 millimetr genişlənib. Təkər disklərinin ölçüsü 17-20 düym arasında dəyişir.
Universalın hündürlüyü 11 millimetr (1424 millimetr), liftbəkin isə, əvvəlki sedandan (1410 millimetr) 18 millimetr azaldılıb. Baqajın həcmi kiftbəkdə 445 litr, universalda isə, 476 litrdir (əvvəlki A4 Avant - 495 litr). Arxa oturacaqlar qatlandıqda isə, bu həcm müvafiq olaraq 1299 və 1424 litrə qədər artır.
Audi A5 Avant
Audi A5 üç ekranı olan dəbli ön panelə malikdir. Rəqəmsal cihazlar panelinin 11,9-düymlük displeyi və MMI mediasisteminin 14,5-düymlük sensorlu ekranı günəşliyi olmayan vahid klasterdə birləşib. Əlavə olaraq, ön sərnişin üçün 10,9-düymlük ekran nəzərdə tutulub. Əlavə ödəniş müqabilində dördüncü displeyi - proyeksiya displeyini sifariş etmək olar.
Opsiyalar siyahısına həmçinin avtomatik qaralma funksiyası olan panoram dam, habelə həcmli səsi və iyirmi dinamiki olan Bang & Olufsen səs sistemi daxildir. Lakin süni intellektə malik olan səs köməkçisi, “hava” üzərindən yeniləmə, simsiz enerji doldurma və elektron köməkçilər dəsti artıq standart təchizata daxildir.
Audi A5
Yeni Audi A5 modelləri yanacaqlı avtomobillər üçün nəzərdə tutulmuş yeni Premium Platforma Combustion (PPC) arxitekturasında inşa edilmiş ilk modeldir. O, mahiyyətcə MLB Evo platformasının yenilənmiş elektronikası olan versiyasıdır. Baza 2.0 TFSI turbomühərriki 150 at qüvvəsi və 280 Nm, lakin yalnız ön ötürmə ilə birləşdirilə bilər.
Lakin onun 204 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən daha güclü versiyası əlavə ödəniş müqabilində quattro ultra tam ötürmə sistemi (arxa təkərlərin ötürməsində iki mufta ilə) ilə təchiz edilə bilər. Çeşidə həmçinin rekuperasiya (25 kilovata qədər) və qismən tək pedalla idarəetmə funksiyası olan 48 voltluq startyor-generator (24 at qüvvəsi, 230 Nm) ilə tamamlanan 2,0 TDI turbodizeli (204 at qüvvəsi, 400 Nm) daxildir. Ötürmə - ön və ya tam ola bilər.
Eyni zamanda, 3.0 TFSI V6 benzin turbomühərriki (367 at qüvvəsi, 550 Nm) “qaynar” versiyası da təqdim edilib ki, onun da “yumşaq” MHEV plus hibrid sistemi var. Bütün digər modifikasiyalar kimi, S5 versiyası da alternativsiz iki muftalı yeddi pilləli “robot” ilə təchiz edilib, lakin tam ötürmə sistemi artıq standart avadanlıqdır.
Audi S5 versiyasının digər xüsusiyyətləri arasında adaptiv amortizatorları olan hündürlüyü 20 millimetr endirilmiş asqı, inkişaf etdirilmiş kuzov dəsti tərəfindən təmin edilən daha aqressiv görünüş, idman oturacaqları və rombşəkilli tikişlərə malik olan interyer var.
Yeni Audi A5 ailəsi Audi şirkətinin Almaniyanın Nekarzulm şəhərindəki zavodunda istehsal olunacaq və noyabr ayında Avropa bazarında satışa çıxarılacaq. Öncədən sifarişlərin qəbuluna cari ayda başlanmalıdır. Almaniyada ön ötürməli baza liftbəki 45,200 avrodan başlayan qiymətlərlə satılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.