Audi şirkəti dünən İnqolştatdakı Forumda keçirilmiş tədbirdə yeni nəsil Audi A5 və onun «qaynar» variantı olan S5 modellərinin rəsmi təqdimat mərasimini keçirmişdir. Artıq A5 ailəsinin ilk fərdinin dizaynı məlum olduğuna görə, gələcək A5 Sportback və A5 Cabriolet modellərinin dizaynı barədə fikir yürütmək də olar. Dərc etdiyimiz renderlərdən də göründüyü kimi, asanlıqla yeni modifikasiyaların dizaynını qabaqcadan görmək olar - İnqoılştat konserninin dizaynerləri inqilabi dəyişikliklərdən çəkindiyini nəzərə alsaq, A5 Sportback və A5 Cabriolet modellərinin kuzov formalarının qorunub-saxlanacağını əminliklə söyləmək olar.

Xatıqladaq ki, yeni Audi A5 kupesi platformasını dəyişmiş, uzadılmış təkər bazasına və yenidən nəzərdən keçirilmiş mühərrik çeşidinə malik olmuşdur. Yeni nəsil A5 kupesinın çəkisi sələfi ilə müqayisədə 60 kiloqram azalmışdır. Audi A5 modelinin yeni nəsli mühərriki uzununa yerləşən avtomobillər üçün nəzərdə tutulmuş MLB modul platformasında yığılmışdır.

Bu yeni kupenin Audi A4 ailəsi ilə nəinki eyni şassini, həmçinin, öndə və arxada quraşdırılmış beşqollu asqını da paylaşdığı anlamına gəlir.

Bundan başqa, yeni Audi A5 alman şirkətinin model cərgəsində müasir quattro ultra tam çəkiş sistemini əldə etmiş ikinci model olmuşdur.

Bildiyimiz kimi, bu sistemdə mərkəzi Torsen differensialı elektronika ilə idarə edilən mufta ilə əvəzlənmişdir. Eyni zamanda A5 kupesi yeni elektromexaniki sükan gücləndiricisi və sükandakı müqaviməti avtomobilin sürəti və dönmə bucağından aslı olaraq dəyişən opsional «aktiv» sükan sistemi ilə də təchiz ediləcəkdir.

Yeni Audi A5 modeli ümumilikdə beş mühərriklə təklif ediləcəkdir ki, bunlardan ikisi benzin, üçü isə dizel güc aqreqatları olacaqdır. Təklif ediləcək mühərriklər 190 - 286 at qüvvəsi diapazonundan gücə malikdirlər.

Alman istehsalçısının təqdim etdiyi məlumatda yeni mühərriklərin əvvəlkilərə nisbətən 17 faiz daha güclü və 22 faiz daha qənaətcil olduğu bildirilmişdir.