27 il ərzində Allroad indekli yüksək keçid qabiliyyətinə malik olan universal Audi A6 ailəsinin ayrılmaz hissəsi olub. Hazırkı, dördüncü nəsil Audi A6 Allroad yeddi il əvvəl debüt edib və artıq onun əvəzlənməsinin tam vaxtı gəlib çatıb. Üstəlik, bir il əvvəl yeni adi A6 modeli təqdim olunub, indi isə, ona hərtərəfli təkmilləşdirilmiş beşinci nəsil universal da qoşulmağa hazırdır.

Standart Audi A6 Avant universalını Allroad versiyasına çevirmək üçün kuzov ciddi şəkildə yenidən işlənib: avtomobilin eni 111 millimetr artırırlıb və indi 1986 millimetr təşkil edir. Bu dəyişiklik əlavə hava kanalları peyda olan ön qanadlarda daha çox nəzərə çarpır. Ön təkər izi 74, arxa təkər izi isə, 70 millimetr genişləndirilib.

Əvvəlki kimi, kuzovun aşağı hissəsi rənglənməmiş və qismən parlaq qara rəngli plastikdən hazırlanmış qoruyucu qurşaqla əhatə olunub, opsional gümüşü dekorativ örtmələri də sifariş etmək mümkündür. 

Alt hissənin ön və arxa bölmələri əlavə plastikdən müdafiəyə malikdirlər. Ön hissədə xüsusi pətək formalı naxışa malik olan yeni radiator barmaqlığı quraşdırılıb. Kuzov üçün səkkiz rəng variantı təklif olunur. Yeni aerodinamik elementlər sayəsində A6 Allroad universalının uzunluğu 4999-dan 5016 millimetrə qədər artıb, lakin təkər bazası dəyişməyib - 2923 millimetr.

Yeni kross-universalın hündürlüyü 1479 ilə 1508 millimetrə qədər dəyişə bilir. Bunun səbəbi avtomobilin standart təchizatına klirensi 55 millimetr diapazonda dəyişə bilən pnevmatik asqının daxil olmasıdır. Bu göstərici adi universal ilə müqayisədə 25 millimetr daha çoxdur. 

Magistral yolda və ya yolsuzluq şəraitində kuzov əlavə olaraq 20 millimetr aşağı salına və ya qaldırıla bilər. Standart vəziyyətdə Allroad versiyasının klirensi A6 Avant universalında olduğundan 34 millimetr çoxdur.

Dəqiq klirens və avtomobilin hündürlüyü seçilmiş təkərlərin ölçüsündən də asılıdır. Şin ölçüləri 265/45 R19-dan 285/35 R21-ə qədər dəyişir. Pnevmatik asqı ilə yanaşı, kross-universal yenilənmiş sükan sistemi və opsional idarələnən arxa təkərlərlə təklif olunur.

Satışın başlanğıcında Audi A6 Allroad iki güc qurğusu ilə təklif ediləcək. Baza versiyası 299 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbodizel ilə təchiz olunur. Turbodizel 48 voltluq elektrik mühərriki (24 at qüvvəsi, 280 Nm) və MHEV hibrid sisteminin litium-dəmir-fosfat batareyası ilə tamamlanıb.

Şəbəkədən enerji yükləmək və sırf elektrik dartması ilə hərəkət mümkün deyil. Turbokompressor da elektrik ötürməsinə malikdir, 250 millisaniyə ərzində 90 min dövr/dəqiqəyə qədər sürətlənə bilir və 3,6 bar təzyiq yaradır. 

Mühərrik 7-pilləli S tronic “robotu” və quattro tam ötürmə sistemi ilə tandemdə çalışır. Avtomobil 0-dan 100 km/saat həddinə 5,4 saniyəyə sürətlənir, maksimal sürət isə, 250 km/saatdır.

Yeni A6 Allroad modelinin ikinci versiyası e-hybrid adlı qoşulan hibrid sistemlə təchiz olunub. Onun əsasını 252 at qüvvəsi və 380 Nm hasil edən 2,0-litrlik TFSI benzin turbomühərriki təşkil edir. Yeddi pilləli S tronic transmissiyana 143 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılıb.

Sistemin ümumi hasilatı 367 at qüvvəsi və 500 Nm təşkil edir. 0-dan 100 km/saat sürətlənmə 5,5 saniyə çəkir, maksimal sürət isə, 250 km/saat həddində məhdudlaşdırılıb. Effektiv tutumu 20,7 kilovat/saat olan batareya baqaj döşəməsinin altında yerləşir.

Hibrid sırf elektrik dartması ilə 95 km məsafə qət edə bilir. Batareyanı 11 kilovat gücündə dəyişən cərəyanlı terminaldan doldurulmasına 2,5 saat saat lazımdır. A6 Allroad e-hybrid standart olaraq tam idarələnən şassi ilə təchiz edilir.

Kross-universalın interyeri adi Audi A6 ilə eyni üslubda hazırlanıb. Ön paneldə standart olaraq vahid əyri korpusda yerləşdirilmiş iki ekran quraşdırılıb: 11,9 düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 14,5 düymlük ekranı. Əlavə ödəniş müqabilində ön sərnişin üçün 10,9 düymlük üçüncü ekran da təklif olunur.

Multimedia sistemi quraşdırılmış ChatGPT süni intellekti və qabaqcıl səsli köməkçi ilə təchiz edilib. A6 Allroad modelinin əsas fərqləndirici xüsusiyyəti yolsuzluq göstəricilərinin əks etdirməsidir: kuzovun maililik və enmə bucaqları, təkərlərin dönmə bucağı, klirens, kompas və coğrafi koordinatlar.

Salonun tərtibatı üçün müxtəlif materiallar və dekorasiya variantları mövcuddur. Bundan əlavə, fərdiləşdirmə proqramı vasitəsilə, interyer tam şəkildə sifarişçinin istəyinə uyğun hazırlana bilər. Dizel versiyasında baqajın həcmi 466-dən 1497 litrədək dəyişir.

Hibrid versiyada isə, batareyaya görə bu göstərici 404–1423 litr təşkil edir. A6 Allroad standart olaraq yükü sabitləyən reyllinqlər və bərkidicilərlə təchiz edilir, əlavə ödəniş müqabilində isə, ekspedisiya tipli alüminium dam baqajı təklif olunur. Hibrid versiya 2000 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə ala bilər, dizel modifikasiyasında isə, bu göstərici 2500 kiloqam təşkil edir ki, bu da analoji A6 Avant modelində olduğundan 400 kiloqram çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Audi A6 Allroad üçün ilkin sifarişlərin qəbuluna bu gün başlanılıb və qiymətlər açıqlanıb. Dizel kross-universalın qiyməti 77 250 avrodan, hibrid versiyanın isə, 80 250 avrodan başlayır. İlk avtomobillər bu ilin payızında diler mərkəzlərinə çatdırılacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.