Audi şirkətinin yeni strategiyasına əsasən, cüt rəqəmli indeksi olan modellər elektromobillərdir. Yəni, bundan sonra A4 və A6 indeksi qarşımızadakı avtomobilin elektrik ötürməsi ilə hərəkətə gəldiyindən xəbər verəcək. Odur ki, yeni nəsil Audi A6 modeli PPE (Premium Platform Electric) platformasında inşa edilmiş elektromobildir. Yeni A6 e-tron modelinin konveyerə doğru yolu bir qədər uzun olub, çünki onun carçısı olan ilk konsept üç il bundan əvvəl nümayiş etdirilib.

Audi A6 Sportback e-tron

Audi A6 e-tron ailəsi Q6 e-tron krossoverində sınaqdan keçirilmiş yeni korporativ dizayn paradiqmasını izləyir. Audi elektromobillərini fərqləndirən əsas cəhət - ikimərtəbəli ön işıqlandırma texnikasıdır. Xatırladaq ki, daxili yanma mühərrikləri olan avtomobillərdə ənənəvi işıqlandırma texnologiyası saxlanılıb. A6 e-tron, həmçinin “naxışı” dəyişdirmək imkanı olan matrisa işıqlandırması texnikasına və “batırılmış” qapı tutacaqlarına malikdir.

Audi A6 Avant e-tron

Elektromobil iki kuzov növü ilə təklif olunur və onların arasında sedan yoxdur. Alıcılar Audi A6 e-tron Sportback liftbəki və Audi A6 e-tron Avant universalı araasında seçim edə bilərlər. Onların uzunluğu (4930 millimetr) və eni (1920 millimetr) eynidir, lakin universal liftbəkdən bir qədər hündürdür: 1490-a qarşı 1510 millimetr. A6 e-tron modelinin oxları arasındakı 2950 millimetrdir. Pərdənin altındakı baqaj bölməsinin həcmi kuzov növündən asılı deyil: 502 litr. Arxa cərgə qatlandıqda universalın baqaj bölməsinin həcmi 1422, liftbəkin isə, 1330 litrə çatır. Kiçik ön baqaj da var (27 litr).

Yeni elektromobili hazırlayarkən aerodinamikaya xüsusi diqqət yetirilirib. Nəticədə, Audi A6 e-tron marka üçün rekord aerodinamik müqavimət əmsalı ilə öyünə bilər: liftbəkdə bu göstərici cəmi 0,21, universalda isə, 0,24 təşkil edir

Yeni A6 e-tron modelinin interyeri demək olar ki, eyni platformanı bölüşdüyü Q6 e-tron krossoverinin interyerini tam şəkildə təkrarlayır. Burada iki standart ekranı - cihazlar panelinin 11,9 düymlük və Android Automotive ƏS əsaslı yeni nəsil multimedia sisteminin 14,5 düymlük ekranını birləşdirən əyri panel var. Əlavə olaraq, ön sərnişin üçün 10,9 düymlük üçüncü displey də nəzərdə tutulub. Alıcılara həmçinin panoram dam, havanı ətirləndirmə funksiyası olan dörd zonalı klimat-kontrol, 830 vatlıq iyirmi dinamikli Bang & Olufsen audiosistemi və qabaqcıl avtonom idarəetmə kompleksi təklif edilir.

Audi A6 Avant e-tron

Audi A6 e-tron baza versiyası arxa oxda yerləşən 367 at qüvvəli elektrik mühərriki ilə təchiz olunur. Tamötürməli quattro versiyası ümumilikdəö 428 at qüvvəsi hasil edən iki mühərrikə malikdir. Audi S6 e-tron sürücü modifikasiyası da dərhal təqdim olunub və onun ikimühərrikli güc qurğusu 503 at qüvvəsi hasil edir və launch control funksiyası aktivləşdirildikdə bu güc  güc qısa müddət ərzində 551 at qüvvəsinə qədər artır. Bu halda, 100 km/saata sürətlənmə 3,7 saniyə çəkir, maksimal sürət isə, 240 km/saatdır. Əlbəttə ki, “bərkgedən” Audi RS6 e-tron modifikasiyası da vəd edilib.

Audi S6 Sportback e-tron

Bütün versiyalar eyni 800 voltluq elektrik sisteminə və effektiv tutumu 94,9 kilovat/saat olan dartma batareyasına malikdirlər. Arxa ötürməli versiyaların yürüş ehtiyatı liftbək üçün 757, universal üçün isə, 721 kilometrdir. Audi S6 e-tron daha təvazökar göstəricilərə malikdir: müvafiq olaraq 676 və 648 kilometr. DC şarjın gücü 270 kilovata çatır. Daha sonra 83 kilovat/saatlıq batareyası olan daha əlçatan versiyaların buraxılacağı vəd edilib.

Audi S6 Avant e-tron

Audi A6 e-tron yaylı asqıya malikdir, lakin əlavə ödəniş müqabilində pnevmatik asqını da sifariş etmək olar ki, bu da yüksək sürətlərdə kuzovun hündürlüyünü avtomatik olaraq 20 millimetr aşağı salmağa imkan verir. A6 e-tron standart olaraq 19 düymlük disklərlə təchiz olunur. S6 versiyasında isə, 20 düymlük disklər quraşdırılır və əlavə ödəniş qarşılığında 21 düymlük variantları əldə etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi A6 e-tron modellərinə sifarişlərin qəbuluna sentyabr ayında başlanacaq.  Modelin istehsalının başlanması da sentyabr ayına planlaşdırılıb. Almaniyada qiymətlər 75 600 avrodan başlayır, S6 versiyası isə, ən azı 99 500 avroya başa gələcək. Universal üçün əlavə ödəniş 1 650 avro təşkil edir. Bəs yanacaqla işləyən avtomobillər? 2018-ci ildə debüt edən hazırkı Audi A6 ailəsi hələlik satışdaadır və daha sonra onu A7 indeksli yeni model əvəz edəcək.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.