Heç də sirr deyildir ki, alman avtomobil jurnalistləri bu ölkənin istehsalçılarının yeni modelləri haqqında ən dolğun məlumata sahib olan şəxslərdir. Bu günlərdə AutoBild dərgisinin jurnalistlərinə növbəti nəsil Audi A6 modeli haqqında yeni məlumatlar əldə etmək nəsib olmuşdur.

Alman jurnalistləri növbəti nəsil Audi A6 ailəsindən olan avtomobillərin 60 km/saat sürətinə qədər işləyən və bir düyməyə basmaqla aktivləşən avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyini müəyyənləşdirmişdirlər.

Bundan başqa, onlar, yeni A6 modelinin Audi e-tron quattro konseptində debüt etmiş interyerin dizayn üslubunda hazırlanmış interyerlə təchiz ounacağını aydınlaşdırmışdırlar. Belə ki, sürücüyə gərək olan bütün məlumatlar ön paneldə quraşdırılmış işıqdiodlarından hazırlanmış dörd displey vasitəsi ilə çatırılacaqdır.

Növbəti nəsil Audi A6 modeli, həmçinin, geniş mühərrik çeşidi ilə də təklif ediləcəkdir. Güc aqreqatlarının sırasına qənaətcil dörd silindirli benzin mühərriklərindən başlayaraq səkkiz silindirli dizel mühərriklərinin daxil olacağı söylənilir. Bundan əlavə, Audi A6 modelinin yeni nəsli hibrid və tamamilə elektrik güc aqreqatları ilə də təchiz ediləcəkdir. Əlbəttə ki, gücvə sürət aşiqlərinin sevdiyi S və RS modifikasiyalarını da unutmaq gərək deyildir.