Sirr deyil ki, Audi şirkətinin ən populyar modellərindən olan A6 sedan və universalı təchizat sarıdan Ştutqart və Münhendən olan rəqiblərinə bir qədər uduzur. Bizdə olan məlumata əsasən, avtomobilin yeni nəsli üzərində işlər sürətlə davam edir və çox güman ki, gələn il biz yeni sedan və universalın təqdimatının şahidi olacağıq. Elə bu səbəbdən də İnqolştat istehsalçısıı A6/A7 Sportback modellərini daha rəqabətcil etmək üçün onları yeniləmək məcburiyyətində qalmışdır. Bu gün alman şirkətinin mətbuat xidməti yenilənmiş modellər barədə məlumat dərc etmişdir.
Mətbuat üçün açıqlamadan məlum olduğu kimi, avtomobillər zahiri cəhətdən çox cüzi dəyişikliklərə məruz qalmışdırlar - bunlar qara parlaq rəngə boyanmış radiatoir barmaqlığının üfüqi çubuqları və duman əleyhinə olan fənərlərin haşiyələridir. Əvvəllər bu elementlər xromla üzlənirdilər. Bundan əlavə, başqa formalı arxa diffuzoru və S line modifikasiyası üçün nəzərdə tutulmuş qara haşiyəsi və xromla örtülmüş üfüqi çubuqları olan radiator barmaqlığını da qeyd etmək olar.
Audi A6 modelinin rəng palitrasına kuzovun iki yeni boya çaları əlavə edilmişdir. Bunlardan biri qirmızı Matador red, digəri isə, yaşıl Gotland green rəngidir. Digər dəyişikliklər isə, yeni dizaynlı təkər disklərinə və interyerin tərtibatında istifadə edilən materialların və dekorativ elementlərin növünün artırılmasına aiddir.
Daha bir xoş xəbər isə, smartfonların naqilsiz qidalanma meydançasının olması, eyni zamanda MMI multimedia sisteminin Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləməsidir.
Bütün A6 modellər üçün, tərkibinə kuzovun yeni qəhvəyi rəngi, 20-düymlük təkər diskləri, arxa differensialı olan təm çəkiş sistemi, idman oturacaqları, alüminiumdan və ya kareliya tozağacından olan dekorativ elementlər və velyür ayaqaltılar daxil olan Advanced package də sifariş etmək mümkündür.
Yenilənmiş Audi modellərini may ayından başlayaraq sifariş etmək olar. Dilerlər salonlarına avtomobillər iyul ayında çatdırılacaqdırlar.