Son illərdə Audi şirkəti model sırasını aktiv şəkildə yeniləyir. Ötən yaz batareyalı Q6 e-tron krossoveri debüt edib, onun ardınca isə, bu yay yeni nəsil A5 modeli və A6 e-tron elektrokarı peyda olub. Bir ay sonra onlara yeni nəsil Q5 krossoveri qoşulub.
Üstəlik, bu il yeni nəsil Audi A6 sedan və universalının təqdimatı baş tutub. Bütün bu modellərin nisbətən yeni olmasına baxmayaraq, alman brendi planlaşdırılan yeniləməni gözləmədən, avtomobil çeşidində müəyyən yeniləmələri həyata keçirib.
Media sisteminin interfeysi ən son Audi Q3 modelindəkinə bənzər şəkildə əhəmiyyətli dərəcədə yenidən işlənib. Daha intuitiv idarəetmə üçün qrafika və menyu strukturu dəyişdirilib, sistem fonu üçün əlavə rənglər nəzərdə tutulub. Əvvəllər fon məlumatların oxunmasını çətinləşdirən qara rəngdə idi.
Salonda istənilən atmosferi yaratmaq üçün, kontur işıqlandırması, iqlimə nəzarət, audio sistemi və oturacaqların (qızdırılma, havalandırma və masaj funksiyaları ilə) birlikdə işlədikləri bir neçə Mood-rejimlər nəzərdə tutulub. Səs köməkçisi yenilənmiş süni intellekti əldə edib. Artıq media sisteminə oyun kontrollerlərini və Bluetooth qulaqlıqları qoşmaq olar.
Bundan başqa, artıq naviqasiya xəritələri cihaz panelində də göstərilə bilər. Smartfona qoşulduqda, onun ekranı artıq rəqəmsal cihazlar paneli və ya sərnişin displeyinə çıxarıla bilər. Sükan çarxında əvvəlki sensorlu düymələrin əvəzinə fiziki düymələr quraşdırılıb.
Adaptiv kruiz-kontrol həm avtobanda, həm də şəhərdə hərəkət üçün təkmilləşdirilib. Avtomatik parklayıcı avtomobilin getdiyi yolun son 50 metrini yadda saxlamağı öyrənib və dar məkanlarda daha dəqiq işləyir. Salondakı arxa görüntüş güzgüsünə səliqəli şəkildə inteqrasiya olunmuş 4K icazəli videoqeydalan da peyda olub.
Audi A6 ailəsi artıq konturlu ön oturacaqları və matrisa faralarını əldə ediblər. Ən əhəmiyyətlisi isə, Audi A6 və Audi Q5 krossoveri artıq təkmilləşdirilmiş 3,0-litrlik V6 TDI turbodizeli ilə təchiz olunurlar. EA897evo4 indeksli mühərrik 48 voltluq MHEV hibrid üstqurumu və yeni elektrik turbokompressoru ilə təchiz edilir.
Sonuncunun sayəsində üfürmənin maksimal təzyiqi (3.6 bar) bir saniyə əvvəl əldə olunur, turbogecikmə minimuma endirilir və qaz pedalının reaksiyası yaxşılaşır. Sürətlənmə zamanı kompressor çarxı 250 millisaniyə ərzində 90.000 dövr/dəqiqəyə qədər sürətlənir ki, bu da əvvəlkindən 40% daha yeyindir.
Yenilənmiş 3,0-litrlik V6 turbodizel 299 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edir, MHEV elektrik üstqurumu isə, qısa müddətə əlavə 24 at qüvvəsi və 280 Nm-i təmin edir. Mühərrik qoşa muftalı yeddi pilləli S tronic “robotu” və quattro ultra tam ötürmə sistemi ilə birlikdə işləyir.
Nəticədə, Audi A6 dizel sedanı 100 km/saat həddini 5,2 saniyəyə toplayır, Q5 krossoveri isə, eyni nəticəni 5,0 saniyəyə əldə edir. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. Almaniyada dizel versiyalarının qiyməti Audi A6 modeli üçün 68.500 avrodan, Q5 krossoveri üçün isə, 69.800 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









