Audi şirkəti A7 Sportback modelinin uzunbazalı versiyasını hazırlamaq niyyətindədir, lakin belə bir avtomobil hər kəs üçün əlçatan olmayacaqdır. Bildiyiniz kimi, uzunbazalı modifikasiyalar ənənəvi olaraq belə avtomobillərə yüksək tələbat olan Çin üçündür. Reuters agentliyinin məlumatına görə, Audi modelinin istehsalı Volkswagen-SAIC birgə müəssisəsində yerləşdiriləcəkdir.
Agentliyin məlumatına görə, Volkswagen AG konserni SAIC Motor şirkəti ilə birlikdə Şanxaydakı avtomobil zavodunun modernləşdirilməsinə 4,13 milyard yuan (590 milyon dollar) sərmayə qoyacaqdır. İstehsal gücünün yenilənməsindən sonra, hər il 60 min uzunbazalı Audi A7 və eyni sayda Volkswagen krossoveri konveyer xəttini tərk edəcəkdir. Uzunbazalı Audi A7 Sportback modeli 2022-ci ildən başlayaraq yerli dilerlərin şourumlarında peyda olacaqdır.
Hələlik, Volkswagen-SIAC birgə müəssisəsinin işləri o qədər də yaxşı getmir: 2020-ci ilin ilk yarısında satışlar 37% azalıb. Koronavirus pandemiyası tələbata ciddi təsir göstərib, buna görə də avtomobil zavodları, təchizatçılar və satıcılar müvəqqəti olaraq işlərini dayandırmalı olublar.
Audi şirkəti Çində öz modellərinin uzunbazlı versiyasını yığmağa başlayan ilk alman markası olub - 2005-ci ildə, yerli dilerlər 100 millimetr uzadılmış bazası olan Audi A6 modelini təklif etməyə başlayıblar. Daha sonra, Çində Q2, Q5 və A4 daxil olmaqla, digər modellərinin L indeksli uzadılmış versiyalarının satılmasına başlanıb.