Audi şirkətinin bayraqdar modeli olan A8 sedanının yeni nəslinin təqdim ediləcəyi tarix açıqlanmışdır. Alman istehsalçısı yeni sedanın təqdimat mərasimini 11 iyul tarixində Barselonada keçirmək niyyətindədir.
Bu barədə məlumatı Audi şirkətinin rəhbəri Rupert Ştadler vermişdir. Yeni nəsil Audi A8 modeli Audi Q7 korossoverinin və Audi A4 ailəsinin istehsal edildiyi MLB Evo modul platformasında yığılacaqdır. Yeni platforma sayəsində bayraqdar sedan sələfindən hiss ediləcək dərəcədə yüngül olacaqdır. Növbəti nəsil Audi A8 sedanının dizaynı 2014-cü ildə Los-Anjeles avtosalonunda nümayiş etdirilmiş Audi Prologue konseptinin dizayn üslubunda olacaqdır. Audi A8 yeni nəslinin təchizatına şəhərdəki tıxaclarda və şəhərkənarı yollarda 60 km/saat həddinə qədər sürətlərdə sürücünün müdaxiləsi olmadan hərəkət etməyə imkan yaradacaq avtopilot sistemi də daxil ediləcəkdir.
Yeni sedanın kütləvi təqdimat mərasimi sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.