“Automotive News Europe” nəşri Audi, Porsche və Bentley markalarının yeni elektromobillərinin proqram təminatı problemləri ucbatından gecikəcəklərini bildirib. Nəşrin yazdığına görə, söhbət uzun müddətli geriqalmadan gedir: Audi markası yeni elektrik flaqmanının təqdimatını üç il gecikdirə, Bentley şirkətinin isə, 2030-cu ilə qədər elektrokarlara keçmək planları al-üst ola bilər. Porsche markasına gəldikdə isə, “batareyalı” Macan krossoverinin yaxın zamanda keçirilməli olan təqdimatı da təhlükə altındadır. Proqram təminatının yaradılması ilə bağlı çətinlikləri Caraid törəmə müəssisəsi ilə əlaqələndirirlər.
İlkin olaraq, 2024-cü ildə Artemis layihəsi çərçivəsində perspektivli Audi elektromobilinin debüt edəcəyi, sonra isə, eyni platformada inşa edilən elektrokarların Volkswagen və Bentley markalarının model xəttində peyda olacağı gözlənilirdi. Lakin alman jurnalistlər Audi şirkətinin flaqmanının təqdimatının 2027-ci ilə qədər təxirə salındığını iddia edirlər. Müvafiq olaraq, bu problem Bentley şirkətinin onilliyin sonuna qədər tamamilə elektrik ötürməsinə keçməsini təhlükə altında qoyur.
Porsche Macan elektromobilinin layihəsi kifayət qədər irəliləyib və artıq sınaq prototiplərinin Leypsiqdəki zavodda yığılmasına başlanılıb, lakin sazlanmış proqram təminatı olmadan krossover seriyaya gedə bilməz. “Automobilwoche” nəşrinin jurnalistləri Porsche Macan EV modeli üçün proqram təminatının sadəcə yazılmadığını bildirirlər.
Qeyri-rəsmi məlumatlara görə, əsas maneə avtonom idarəetmə sisteminin yaradılmasıdır. Bununla belə, Cariad bu məsələdə qrafikdən xeyli geri qalır, buna görə də, ilk zamanlarda Volkswagen konserninin yeni elektromobilləri proqram təminatının aralıq versiyasından istifadə edə bilərlər.
Porsche və Audi şirkətlərinin top-menecerləri proqram təminatının hazırlanmasında yaranan gecikmələrdən məyus olduqlarını bildiriblər, Volkswagen isə, artıq proqram təminatının yaradılmasının sürətləndirməyin yollarını axtarır - ilin əvvəlində Volkswagen konserni alman Bosch nəhəngi ilə bu istiqamətdə birgə iş aparacağını elan edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.