Ekstremal Audi RS 3 ailəsinin hazırkı nəsli 2021-ci ildə təqdim edilib və 2024-cü ildə yenilənmədən keçib. İndi isə, bu “bərkgedənlər” ilk beşsilindrli Audi mühərrikinin 50-illik yubileyinə həsr edilmiş xüsusi Competition Limited nəşrinə sahib olublar.

Audi RS 3 Competition Limited modelləri tutqun karbondan elementləri olan yeni kuzov dəstini, bölünmüş ön splitteri və başqa arxa spoyleri alıblar. Yalnız üç kuzov rəng təkli olunur: orijinal yaşıl Malachite, tutqun ağ Glacier, boz Daytona. Yubiley nəşri effektiv işıqlandırmaya da sahib olub.

Matrisa faraları yandırıldıqda silindrlərin iş ardıcıllığını (1-2-4-5-3) təqlid edən işıq naxışı işə düşür. Tutqun qızılı rəngə boyanmış 19 düymlük təkər diskləri və qırmızı rəngli supportlar eksteryer tərtibatını tamamlayırlar.

Xüsusi nəşrin interyeri qara və ağ dəri, alkantara üzlənir və bürünc-qızılı dekorla bəzədilir. Arxa tərəfi karbondan hazırlanmış RS idman oturacaqları standartdır, rəqəmsal cihaz panelinin ağ fonlu eksklüziv qrafikası RS 2 Avant modelinə istinaddır.

Seriya nömrəsi həkk edilmiş tutqun rəngli lövhə avtomobilin xüsusi statusunu xatırladır. Qapı işıqlandırması "RS 3 Competition Limited" yazısını yer səthinə proyeksiya edir, üstəlik, xüsusi nəşrin adı qara döşəmə örtüklərində də var.

Əsas texniki yenilik təkmilləşdirilmiş şassidir: asqıda üç mövqeli tənzimləməyə malik olan yaylı dayaqlarından istifadə olunub, arxada isə, daha sərt stabilizator quraşdırılıb. Xarici rezervuarları olan dözümlü amortizatorlar peyda olublar: ön tərəfdəkilər paslanmayan poladdan, arxadakılar isə, alüminiumdan hazırlanır.

Sürücü dəstə daxil olan xüsusi alətdən istifadə edərək sıxılma və geriqaytarmanı tənzimləyə bilər. Avtomobil standart olaraq karbon-keramika əyləclərlə təchiz olunur , əlavə ödəniş müqabilində isə, Pirelli P Zero Trofeo R yarısliklərini sifariş etmək mümkündür.

Eyni zamanda, güc aqreqatı dəyişməz olaraq qalır. Digər RS modellərindən tanış olan 2,5-litrlik beşsilindrli turbomühərrik (400 at qüvvəsi, 500 Nm) yeddi pilləli iki muftalı S tronic “robotu” ilə birlikdə çalışır.

Əlbəttə ki, firma quattro tam ötürmə sistemi də yerindədir. Dinamika da dəyişməyib: 0-dan 100 km/saata sürətlənmə 3,8 saniyə çəkir, maksimal sürət isə, 290 km/saata çatır. Bununla belə, standart mühərrik tənzimlənən klapanları olan idman buraxılış sistemi və mühərrik bölməsinin daha təvazökar səs izolyasiyası sayəsində daha gur səsə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi RS 3 Competition Limited modelindən cəmi 750 ədəd istehsal olunacaq. Xüsusi nəşrin Avropadakı çatdırılmalarına cari ilin ortalarında başlanmalıdır. Almaniya bazarında hetçbekin qiyməti ən azı 108.000 avro, sedanın qiyməti isə, ən azı 110.000 avro olacaq. Qeyd etmək lazımdır ki, standart Audi RS 3 Sportback modelinin qiyməti 67.000 avrodan başlayır, sedan üçün isə, ən azı 69.000 avroya tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.