Bu gün Brənds Hətçdə keçiriləcək ikinci yarışın təsnifat mərhələsi Audi komandasının triumfu ilə nəticələnib. Rene Rast dövrəni 1.15,134 zamanla başa vuraraq poulu əldə edib. Onun komanda yoldaşları Loik Dyüval - ikinci, Robin Frayns isə üçüncü olublar.
Lakin, əsas bu deyil. Audi RS5 DTM avtomobillərində çıxış edən pilotlar tam tərkibdə ilk onluğa daxil olublar. Üstəlik, onlar birinci yerdən səkkizinciyə qədər olan yerlərin tutublar. İlk üçlükdən sonra pilotlar belə sıralanıblar: Ceymi Qrin, Mayk Rokenfeller, Nico Müller, Pyetro Fittipaldi, Conatan Averdin. Digər markaların pilotlarından yalnız Filipp Eng (BMW) və Daniel Hunkadelya (Aston Martin) ilk onluğa daxil olmağı bacarıblar.
Dünənki təsnifat mərhələsindən fərqli olaraq, bu gün baş tutan sırlama sessiyası günəşli, quru hava şəraitində keçib. Sıralamanın əvvəlində artıq poulun Audi pilotlarına qismət olacağı bəlli idi. İnqolştadt təmsilçisinin pilotları Brənds Hətçdə inanılmaz üstünlüyə malik idilər.
Bu sıralama bu günki yarışda Audi pilotlarının Qalib gələcəyindən xəbər verir. Lakin, unutmaq olmaz ki, bu DTM yarışlarıdır və hər zaman burada sürprizlərə yer vardır.