Audi şirkəti yenidən avtomobil idmanı sahəsindəki maraqlarını dəyişdirir. Formula E çempionatı artıq alman markası üçün o qədər də maraqlı deyil: iddiaya görə, Audi şirkəti üçün elektromobillik artıq gələcək deyil, bu gündür. Buna görə də, 2021-ci il mövsümündən sonra, alman istehsalçısının bu çempionatdakı zavod komandası ləğv ediləcəkdir. Lakin istehsalçı özəl komandalara güc qurğularını stamağa davam edəcəkdir. Bunun əvəzinə isə, Audi şirkətinin Dakarda iştirak etmək planları var.
Audi markası klassik rallidə zəngin tarixə malikdir, lakin İnqolştadt istehsalçısı bu günə qədər əfsanəvi ralli-reyddə hələ iştirak etməyib. Dakarda yarışacaq zavod komandası 2021-ci ildə yaradılacaq və 2022-ci ildə orijinal ofrouder ilə marafona qatılacaqdır. Bunu bu günlərdə dərc edilmiş tizer təsdiq edir.
Ən maraqlısı odur ki, ofrouder ardıcıl hibrid olacaqdır! Elektrik mühərrikləri ilə hərəkətə gələcək ofrouder, dartma batareyası və onu doldurmaq üçün nəzərdə tutulmuş benzin turbomühərriki ilə təchiz ediləcəkdir.
Bundan başqa, Audi 24 saatlıq marafonlara qayıtacağını açıqlayıb. Artıq, “Le Manın 24 saatı” və “Daytonanın 24 saatı” marafonlarında iştirak edəcək perspektivli LMDh kateqoriyasından olan prototipin yaradılması üzərində çalışmalara start verilib. Qaydalara görə, bu sinifdə çıxış edən arxa ötürməli avtomobillər gücü 500 kilovatdan (680 a.q.) çox olmayan hibrid güc qurğusu ilə təchiz edilməli və kütləsi minimum 1030 kiloqram olmalıdır. Avropadakı ilk yarış 2022-ci ildə, Amerikada isə bir il sonra baş tutmalıdır.