Keçən il Audi şirkəti iki proqram konsept avtomobilini - Skysphere rodsterini və Grandsphere nümayəndəlik sedanını təqdim etmişdi. Amma ilkin olaraq, üç “sferik” konsept elan edilmişdi. Odur ki, tezliklə başqa bir “sfera” işıq üzü görməlidir: bu, keçən həftə tizeri dərc olunan konseptual Audi Urbansphere minivenidir. Üstəlik, alman istehsalçısı minivenin interyeri şəklini dünya miqyasında yaysa da, onun xarici görünüşü olan tizeri isə yalnız Çində dərc edib.

Üçüncü “sferik” konsept avtomobilinin debütü Pekin avtosalonunda baş tutmalı idi. Lakin bildiyimiz kimi, bu sərgi koronavirusun yeni dalğası səbəbindən artıq ləğv edilib, buna baxmayaraq, Audi şirkəti Urbansphere konseptini aprelin 19-da ayrıca tədbirdə təqdim etməyi planlaşdırır. Konsept haqqında məlumat verilməyib. Görünən odur ki, Audi sadəcə ictimaiyyətin minivenə olan reaksiyasını yoxlamaq niyyətindədir. 

Şirkət bu günə qədər belə avtomobillər istehsal etməyib, lakin bahalı və yaxşı təchiz olunmuş minivenlər Çin bazarında çox populyardırlar. Məsələn, yalnız burada Buick və Lexus markaları altında satılan minivenləri görmək mümkündür.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.