Los-Anjeles avtosalonunda debütü gözlənilən Audi e-tron GT elektrokarı alman istehsalçısının 350 kilovatlıq yükləməni dəstəkləyən ilk modeli olacaqdır. Bu barədə “Autocar” dərgisinə müsahibəsində alman istehsalçısının elektrokar xətti üzrə marketinq xidmətinin nümayəndəsi Yohan Ekşteyn bildirib.
Elektromobil Audi Sport idman bölümü tərəfindən hazırlanan ilk model olacaqdır. Audi şirkətindən yeni elektromobilin “çox dinamik” olacağı və ən güclü elektomotoru əldə edəcəyi bildirilib. Audi e-tron GT barədə texniki məlumat verilməyib. Yeganə məlum olan elektrokarın batareyalarının enerjisinin 80 faizinin 12 dəqiqə ərzində bərpa ediləcəyidir.
Bu ana yalnız “qrand-turerin” tizeri dərc edilibdir. Audi e-tron Gran Turismo modelinin istehsalı İnqolştadtdan 240 kilometr qərbdə yerləşən müəssisədə təşkil ediləcəkdir. Elektromobilin hədəf aldığı əsas bazarlar barədə də məlumat verilməyib. Bununla belə, yeni elektrik “qrand-turerinin” başlıca bazarlarının Çin və ABŞ olacağı ehtimal edilir.
Yeni elektromobil, alman istehsalçısının 2025-ci ilə qədər genişləndirməyi nəzərdə tutduğu ekoloji xəttin tərkib hissəsi olacaqdır. Almanlar, yaxın gələcəkdə, Audi modellərinin dünya üzrə satışlarının üçdə birini elektromobil və hibridlərin təşkil edəcəyindən əmindirlər.