İki il bundan öncə nümayiş etdirilmiş Audi e-tron GT konsept avtomobili nəhayət ki, seriya versiyasında debüt edib. Üstəlik, konveyerə gedən yolda sedan görünüşünü praktik olaraq dəyişməyib. Sedan normal qapı tutacaqlarına və iri yan güzgülərə, habelə dizaynı bir qədər dəyişdirilmiş bamperlərə malik olub. Ümumilikdə, seriya sedanı 2018-ci ilin noyabrında keçirilmiş Los Anceles avtosalonunun ulduzu olan konseptdən fərqlənmir.
Audi e-tron GT
Audi şirkətindən elektrik sedanın təqdimatının alman markasının tarixində yeni bir dövrün başlanğıcının olduğunu bildiriblər. Bununla birlikdə, e-tron GT əslində “paltarını dəyişmiş” Porsche Taycan modelidir. Hər iki modelin əsasını, şassi elementləri Panamera modeli ilə unifikasiya edilmiş J1 platforması təşkil edir.
Üstəlik, hər iki sedan oxşar qurğu və aqreqatlara malikdirlər. Hər iki elektrokarın təkər bazası eynidir (2900 mm) və ümumi ölçüləri də çox yaxındır. E-tron GT sedanın uzunluğu 4989 millimetr (Taycan modelindən 26 millimetr uzun), eni - 1964 millimetr (- 2 millimetr), hündürlüyü isə 1414 millimetr (+ 35 millimetr) təşkil edir.
Audi e-tron GT
Elektromobilin hava girişlərində əyləclərin soyudulması üçün nəzərdə tutulan və yalnız ehtiyac olduqda açılan aktiv çəpərciklər quraşdırılır. Buna baxmayaraq, yeni sedanın aerodinamik müqavimət əmsalı 0,24-dür. Xatırladaq ki, Porsche Taycan modelində bu göstərici 0,22-dir. Lakin bu göstəricini yaxşılaşdırmaq imkanı var: məsələn, e-tron GT modeli, Audi e-tron krossoverlərində quraşdırılan yan güzgüləri əvəzləyən opsional kameralardan məhrumdur.
Alçaq damı və qısa arxa hissəsi olan siluetə baxmayaraq, e-tron GT modeli çərçivəsiz qapıları və kiçik baqaj qapağı olan sedandır. Baqaj bölümünün həcmi 405 litrdir (qabaqcıl Bang & Olufsen səs sistemi quraşdırıldıqda 366 litr). Öndə də baqaj bölümü var, amma çox kiçikdir - 85 litr. Elektrokarı 19, 20 və ya 21 düymlük təkər diskləri ilə sifariş etmək olar.
Audi e-tron GT
Sedan iki veriyada təqdim edilib. Hər iki modifikasiya iki mühərrik və tam ötürmə sistemi ilə təchiz edilir. Audi e-tron GT modelinin baza versiyası öndə 238 at qüvvəli, arxada isə 435 at qüvvəli mühərriklərlə təchiz edilir. Eyni zamanda, Taycan sedanında olduğu kimi, arxada ikipilləli reduktor quraşdırılmışdır.
Bununla birlikdə, bu iki göstəricini sadəcə toplamaq olmaz: ümumi güc elektronika tərəfindən məhdudlaşdırılıb - sistem hər iki mühərrikin yükünü rəvan şəkildə dəyişə bilər. Nəticədə maksimum hasilat standart rejimdə 476 at qüvvəsi və 630 Nm fırlanma anı təşkil edir. Launch control funksiyasının aktivləşdirilməsi isə 2,5 saniyə ərzində hasilat, Porsche Taycan 4S olduğu kimi, 530 at qüvvəsinə və 640 Nm-ə qədər artacaqdır.
Audi RS e-tron GT
İkinci versiya ilk elektrik RS modeli olan Audi RS e-tron GT sedanıdır. Ön elektrik mühərriki tamamilə eynidır və arxada isə 456 at qüvvəli mühərrik yerləşir.
İdarəetmə prinsipi eynidır, buna görə nominal rejimdə ümumi hasilat 598 at qüvvəsi və 830 Nm fırlanma anı, launch control funskiyasının aktivləşdirilməsi halında isə, qurğunun gücü 646 at qüvvəsinə qədər artırılır. Beləliklə, 680 at qüvvəsi və 850 Nm fırlanma anına malik olan Porsche Taycan Turbo əlçatmaz qalır.
Audi RS e-tron GT
Hər iki sedan 93 kilovat-saatlıq batareya ilə təchiz edilir ki, bu tutumun da yalnız 85 kilovat-saatı əlçatandır. WLTP dövrünə əsasən baza versiyası dolu batareya ilə 487 kilometr, RS versiyası isə 472 kilometr qət edə bilər.
Bununla belə, Audi sedanı da Taycan modeli kimi 800 voltluq elektrik sisteminə malikdir və bu da batareyanın yeyin doldurulmasını vəd edir. Məsələn, beş dəqiqə ərzində 270 kilovat gücündə (bu maksimumdur) və 800 volt gərginlikli yükləmə stansiyasına qoşulmaqla 100 kilometrlik yürüş ehtiyatını təmin etmək olar. Batareyanın tam doldurulmasına 25 dəqiqədən çox vaxt gərəkdir.
Audi RS e-tron GT
Audi e-tron GT modeli 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənir və 245 km/saatlıq maksimal sürətə malikdir. Sedan yaylı adaptiv asqısına və özükilidlənən arxa differensiala malikdir. Audi RS e-tron GT versiyası standart olaraq üçkameralı pnevmoasqı (klirens 42 millimetrlik aralıqda tənzimlənə bilər) və elektron tənzimlənən arxa differensial ilə təchiz edilir.
Bütün bunları baza sedanı üçün də sifariş etmək olar. RS e-tron GT modeli 100 km/saata 3,3 saniyəyə sürətlənir. “Bərkgedən” sedanın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Audi e-tron GT
Əlavə ödənişlə, hər iki variantı karbon-saxsı əyləc mexanizmləri və tam idarələnən şassi ilə sifariş etmək olar. Arxa təkərlər 2.8 dərəcəyə qədər bucağa dönürlər. 70 km/saat həddinə qədər sürətlərdə, arxa təkərlər ön tərəfdəkilər ilə əks istiqamətdə dönərək manevr qabiliyyətini yaxşılaşdırırlar. 80 km/saat həddindən sonra isə eyni istiqamətdə dönən təkərlər sedanın stabilliyini artırırlar.
Maraqlıdır ki, salon tərtibatında dizaynerlər futurizm dərəcəsini azaltmağa qərar veriblər: əgər müasir Audi avtomobilləri tamamilə sensorlu mərkəzi konsola sahibdirlərsə, e-tron GT sedanında ənənəvi düymələri olan klimat-kontrolun idarəetmə paneli mövcuddur. Bununla birlikdə,displeylərin sayı kifayət qədərdir: cihazlar paneli 12,3-düymlük ekrana, mediasistemi isə 10,1-düymlük sensorlu displeyə malikdir. Üstəlik, proyeksiya ekranı da mövcuddur.
Audi e-tron GT
Opsiyalar arasında adaptiv kruiz-kontrol (lakin avtopilot deyil!), məsafədən idarə olunan park sistemi, matrisa LED fənərləri və lazer-fosforlu uzaq işıqlar (70 km/saat həddindən çox sürətlərdə işə düşür) da var.
Eyni zamanda, elektromobili daxili yanma mühərrikləri olan avtomobillərin səsinə bənzər sintezləşdirilmiş "səs" ilə təmin edən səslənmə sistemi də var. Bu sistem, RS versiyasında standart olaraq quraşdırılır.
Audi e-tron GT sedanlarının seriya istehsalına dekabr ayında, Almaniyanın Nekkarzulm şəhərindəki A8, A7 və A8 modellərinin hibrid versiyalarının və R8 superkarının yığıldığı zavodda başlanılıb. Almaniyada elektrik sedanına sifarişlər artıq qəbul edilir: baza versiyanın qiyməti 100 min avro, RS modifikasiyasının isə 138 min avrodur. Bu,Taycan modelinin oxşar versiyalarından 6-15 min avro ucuzdur.
Audi RS e-tron GT: Ideas start the future