Los-Anjelesdə keçiriləcək avtosalonda Audi e-tron GT konseptinin debütü baş tutacaqdır. "Autocar" dərgisinin bildirdiyinə görə, kupeşəkilli elektrik sedanı Porsche Taycan modeli ilə eyni PPE (Premium Platform Electric) platformasını bölüşdürəcəkdir. Bu iki elektrokar Tesla şirkətinin Model S modeli ilə rəqabət aparacaqdırlar.
Bu yaxınlarda təqdim edilmiş Audi e-tron modeli daxili yanacaq mühərriki ilə təchiz edilmiş avtomobillər üçün yaradılmış MLB Evo platformasında inşa edilib. Audi mühəndisləri bu platformanı elektromobil üçün adaptasiya ediblər. Yeni PPE paltforması isə xüsusi olaraq elektromobillər üçün yaradılıbdır və MLB Evo platforması ilə əsaslı fərqlərə malikdir. Bu platformanın fərqli cəhətləri dartıcı batareyanın döşəmənin güc strukturuna inteqrasiya edilməsi və yardımçı avadanlıqların yerləşdirilməsidir. Sonuncu kapot altındakı məkanı boşaltmağa və ağırlıq mərkəzini aşağı salmağa yardım edir.
Audi e-tron GT modelinin bir sıra Porsche genlərini qoruyub-saxlamasına baxmayaraq, tamamilə başqa tənzimləmələrə malik olacaqdır. Əlbəttə ki, bu xarakteristikalarda idman xüsusiyyətləri də olacaqdır. Yeni elektrik “qrand turerin” dolu batareya ilə 400 kilometr məsafə qət edəcəyi ehtimal olunur. Audi e-tron GT 350 kilovatlıq yüksək sürətli yükləməni də dəstəkləyəcəkdir. Onun batareyalarının 80 faizini doldurmaq üçün 12 dəqiqə gərək olacaqdır.
Audi e-tron GT modelinin seriya variantı Taycan modelindən bir il sonra - 2020-ci ildə işıq üzü görməlidir. Elektrokarın istehsalı Audi şirkətinin Nekarsulm şəhərindəki zavodunda təşkil ediləcəkdir.
Mənbə: Autocar