Audi şirkəti e-tron modelinin yeni versiyasını təqdim edib. Yeni model satışda olandan mühərriklərin gücü, batareyanın tutumu və yürüş ehtiyatı ilə seçilir. İki elektrokarın parametrlərini müqayisə etsək, yeni modifikasiyanın e-tron modelinin baza versiyası olduğunu söyləmək olar. Əlbəttə ki, yeni modifikasiya daha sərfəli qiymətə satılacaqdır.

Yeni elektrokar Audi e-tron 50 quattro adlanır. Bildiyimiz kimi, hazırda satılan elektrokar isə, Audi e-tron 55 quattro indeksini daşıyır.  Beləliklə, e-tron 50 quattro modeli 71 kVt/saatlıq batareya ilə təchiz edilir və müvafiq olaraq 300 km yürüş ehtiyatına sahibdir.  55 indeksli versiyada bu göstəricilər, müvafiq olaraq, 95 kVt/saat və 400 km-dir. Yükləmə qurğusunun imkanları da aşağı salınıb - elektrokar 150 kVt əvəzinə 120 kVt yükləməni dəstəkləyir.

Bildiyimiz kimi, Audi e-tron 55 quattro modelinin ikimühərrikli güc qurğusu 408 at qüvvəsi və 664 Nm fırlanma anı hasil edir. «Büdcə» versiyası isə, 312 at qüvvəsinə və 540 Nm-ə sahibdir. Audi e-tron 50 quattro 100 km/saat həddinə 7,0 saniyəyə sürətlənir və 190 km/saat maksimal sürət həddinə malikdir. Daha güclü elektrokarda bu göstəricilər 5,7 saniyə və 200 km/saat (elektronika tərəfindən məhdudlaşdırılır) təşkil edir. 

Audi e-tron 50 quattro modelinin satışlarına bu ilin sonunda start veriləcəkdir. Elektromobilin təchizat səviyyəsi və qiyməti barədə məlumat verilməyib.