2024-cü ilin sonunda Audi şirkəti və SAIC konserni yerli alıcıların istəklərinə uyğun olan və Çin üçün xüsusi yaradılmış yeni AUDI brendini təqdim ediblər. Firma “üzüklərindən” məhrum edilmiş brendin ilk məhsulu AUDI E5 Sportback universal olub, lakin bu model çinlilər arasında gözlənilən populyarlığı əldə edə bilməyib.
Bu vəziyyəti dəyşimək üçün, Çin də daxil olmaqla, dünyada daha populyar olan krossover formatına müraciət etmək qərara alınıb. Ötən ilin sonunda nümayiş etdirilmiş AUDI E SUV prototipinin cari ilin fevral ayında E7X adı altında seriyaya gedəcəyi məlum olub. İndi AUDI brendinin ilk krossoveri rəsmi olaraq Pekin avtosalonunda rəsmi olaraq təqdim edilib.
AUDI E7X krossoverinin görünüşü çoxdandır ki, sirr deyil, çünki o, demək olar ki, keçən ilki konsepsiyanı tam şəkildə təkrarlayır və E5 Sportback universalından tanış olan firma üslubuna malikdir. Kiçik çıxıntıları və relyefli yan tərəfləri olan kuzov lakonik dizayna malikdir. Ön və arxa tərəflərdə, firma loqotipləri də daxil olmaqla, qabaqcıl işıqlandırma var.
Yan güzgülər kameralarla əvəz olunub və irəli çıxan qapı tutacaqları quraşdırılıb. E7X modelinin ölçüləri daha böyük orta ölçülü avtomobillər sinfinə aiddir: onun uzunluğu 5049 millimetr, eni - 1997 millimetr, hündürlüyü isə, 1710 millimetrdir. Təkər bazasının ölçüüsü 3060 millimetr təşkil edir. Ön disklər 255/50 R21, arxa disklər isə, 285/45 R21 ölçülü şinlər ilə təchiz olunub.
Yeni krossoverin iki cərgəli salonu ilk dəfə nümayiş olunur: beş nəfərlik konfiqurasiya standartdır, lakin fərdi arxa oturacaqları olan dörd nəfərlik konfiqurasiya əlavə ödəniş müqabilində əlçatandır. Ön panelinin bütün eni ekranlar tərəfindən tutulub ki, onlardan ikisi yan arxa görüntü kameralarından alınan təsvirləri göstərmək üçün nəzərdə tutulub.Fiziki düymələrin sayı minimumdur, lakin inteqrasiya olunmuş süni intellektli səs köməkçisi var.
İkinci cərgədəki sərnişinlərin ixtiyarına QD Mini LED texnologiyasına malik olan tavana quraşdırılmış 21,4 düymlük ekran verilib, ikinci dərəcəli funksiyalar idarə etmək üçün nəzərdə tutulmuş ekran isə, mərkəzi dirsəkaltı-boksun ucluğunda yerləşir. Panoram dam çoxpilləli elektroxrom tündləşdirməyə malikdir.
Yüksək keyfiyyətli və həqiqi tərtibat materialları, o cümlədən təbii fakturalı ağac dekor, Fine Nappa dana dərisi və Articite zamşası bəyan edilib. Ön oturacaqlar yarıyatırılmış vəziyyəti (“sıfır cazibə qüvvəsi”) ala bilirlər, ön və arxa sərnişin oturacaqları elektrik ötürməli ayaq dayaqları ilə təchiz olunurlar.
Çin istehsalı olan lidarlı Momenta R7 avtonom idarəetmə sistemi sayəsində AUDI E7X qabaqcıl avtopilota malikdir. Gələcəkdə yeniləmələrin köməyi ilə onun 3-cü səviyyəli avtonomluğa çatacağı gözlənilir. Bununla belə, E7X artıq Çindəki magistral yollarda və şəhərlərdə inamla hərəkət edə bilir, həmçinin tam ölçülü avtomatik parklanma sistemi ilə təchiz olunub.
AUDI E7X krossoveri E5 Sportback universalı ilə eyni platformanı paylaşır. Bu, 800 voltluq ADP (Advanced Digitized Platform) modul arxitekturasıdır, yəni, IM markasının elektrik avtomobilləri (LS6 krossoveri və L6 sedanı) üçün hazırlanmış SAIC platformasının uyğunlaşdırılmış və yenidən tənzimlənmiş versiyasıdır.
Ön tərəfdə ikili köndələn lingləri, arxada isə, çoxlingli asqı var. Arxa ötürməli baza krossoveri 408 at qüvvəli tək elektrik mühərrikinə malikdir, ən yüksək səviyyəli versiyanın ikimühərrikli tam ötürmə sistemi isə, 680 at qüvvəsinə hasil edir. Maksimal sürətlər, müvafiq olaraq, 205 və 230 km/saatdır. İki batareya variantı mövcuddur: 100 və ya 109,3 kilovat/saatlıq. Ən uzunmənzilli versiya Çin CLTC dövrünə əsasən 750 kilometrə qədər məsafə qət edə bilər.
AUDI E7X krossoveri bu ilin birinci yarısında Çin bazarına çıxmalıdır, lakin onun qiyməti hələlik açıqlanmayıb. Bununla belə, artıq brendin üçüncü modelinin üzərində çalışmaların tam sürətlə aparıldığı və onun 2027-ci ildə satışa çıxarılacağı açıqlanıb.
Nəhayət, Audi və SAIC Şanxayda brendin gələcək modellərinin yaradılmasına cavabdeh olan ayrıca AUDI innovasiya və texnologiya mərkəzinin yaradıldığını elan edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









