Bir neçə il əvvəl əksər avtomobil istehsalçıları əsas üstünlüyü elektrik nəqliyyat vasitələrinin inkişafına və öz model çeşidini tamamilə elektrik dartmasına keçirməyə vermişdilər. Bununla belə, satış statistikası elektromobillərin satışlarının artımında nəzərəçarpacaq dərəcədə yavaşlamanın olduğunu, hibrid modellərin populyarlığının artdığını göstərir. Audi (bütün Volkswagen qrupu kimi) hibrid mərhələsini ötüb keçməyə ümid etsə də, reallıq öz düzəlişlərini həyata keçirib.
Bu yaxınlarda Audi Q8 e-tron və Q8 Sportback e-tron elektrik krossoverlərinin istehsalını vaxtından əvvəl dayandırmaq barədə qərar qəbul edilib və onların istehsal olunduğu Brüsseldəki zavod ixtisar və hətta bağlanma təhlükəsi ilə üzləşib. Elektromobillərə tələbatı canlandırmaq üçün Audi Q4 e-tron modelinin çeşidinə Q4 35 e-tron baza versiyası qayıtarılıb. İndi isə, şirkətin rəhbəri Gernot Dölner elektromobilə keçidin gözləniləndən daha uzun çəkəcəyini etiraf edib.
Audi A5 modelinin MHEV plus mülayim hibrid sistemi
Audi şirkətinin rəhbəri bu çətin vəziyyətdən çıxış yolunu təkrar doldurulan hibridlərin sayını artırmaqda görür. Bu məqsədlə şirkət artıq elektrik üstqurumu ilə işləmək üçün optimallaşdırılmış daxili yanma mühərriklərinin yeni ailəsini hazırlayır. Güman edilir ki, belə modellərin sırf elektrik dartması ilə hərəkət məsafəsi 100 kilometrə yaxın olacaq.
Audi brendinin rəsmi strategiyası əvvəlki kimi 2033-cü ilə qədər tam elektromobil xəttinin yaradılmasını nəzərdə tutur. Bununla belə, Gernot Dölner hesab edir ki, üç növ güc qurğusu (daxili yanma, plagin hibrid və elektrik güc qurğuları) ən azı növbəti onillikdə bərabər dərəcədə mövcud olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.