Audi özünün elektromobilləri üçün yeni platforma axtarışındadır və bunun üçün Çin şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir. “Automobilwoche” nəşrinin məlumatına görə, Volkswagen şirkətinin baş direktoru Oliver Blume artıq bu ideyanı bəyənib və məsələ danışıqlar mərhələsinə gəlib çatıb. Danışıqlar, alman istehsalçısının Çindən platforma alması ilə nəticələnə bilər. Bu, elektromobillərin yaradılması tempini sürətləndirəcək və almanlara müstəqil çalışmalar zamanı qarşılaşdıqları problemlərdən yan keçməyə kömək edəcəkdir.

Bəzi məlumatlara görə, söhbət Çinin SAIC, BYD və ya BAIC konsernlərinin məhsullarından gedə bilər. Mənbələr hesab edirlər ki, Audi şirkətinin Çin platformalarına olan marağının başlıca səbəbi, qabaqcıl Scalable Systems Platform (SSP) arxitekturası ilə bağlı olan problemlərdir. Bu platformada yaradılmış ilk model plan üzrə 2026-cı ildə işıq üzü görməlidir. Mart ayında isə, SSP arxitekturasının Audi A3 modelinin varisinin əsasını təşkil edəcəyi məlum olub. Bu, batareyası - oxları arasında, mühərriki isə arxada yerləşən, həmçinin dolu batareya ilə 643 kilometrə qədər məsafə qət edə bilən elektromobil olmalıdır.

Bununla belə, cari ilin iyun ayının sonunda Oliver Blume Audi markasının rəqiblərindən geri qaldığını etiraf edib. O, bunun əsas səbəbinin “maraqlı elektrik məhsullarının” buraxılışını ləngidən proqram təminatı problemlərinin olduğunu bildirib. Blume, həmçinin Volkswagen Group konserni üçün xüsusilə vacib olan Çin bazarında Audi model xəttinin rəqabətcil olmadığını etiraf edib.

Audi şirkətinin artıq çinli tərəfdaşı var: alman brendi uzun müddətdir ki, Çinin ən qocaman avtomobil istehsalçısı olan FAW konserni ilə əməkdaşlıq edir. Bir il əvvəl şirkətlər Çinin şimal-şərqindəki Çançun şəhərində elektromobillərin buraxılacağı  3,3 milyard dollarlıq zavodunun tikintisinə başlayılar. İstehsalat meydançasının gücü ildə 150 min avtomobil istehsal etməyə imkan verəcəkdir. İlkin olaraq konveyerə A6 e-tron və Q6 e-tron modellərinin çıxarılması planlaşdırılır. Tikinti 2024-cü ilin sonuna qədər başa çatdırılmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.