1990-cı ilin ortalarından başlayaraq, Audi şirkəti yığılma prosesi və materialların keyfiyyətində güzəştlərə yol verməmək prinsipinə riayət edir. Belə yanaşma İnqolştadt şirkətinin premium sinif avtomobilləri istehsalçısına çevrilməsinə təkan verən əsas amillərdən biri olub. Hazırda Audi imic baxımından heç də digər alman istehsalçıları - BMW və Mercedes-Benz şirkətlərindən geri qalmır. Lakin son vaxtlar bu aura bir qədər zəifləyib.
Bir tərəfdən bu, şübhəsiz ki, son illərdə müşahidə olunan idarəetmə xaosu ilə əlaqədardır: inkişaf üzrə menecerlər estafeti daim bir-birlərinə ötürüblər, nəticədə həyati əhəmiyyət kəsb edən yeni modellərin tətbiqində uzunmüddətli gecikmələr baş verib. Artıq bu vəziyyət aradan qaldırılıb və keçən il altı yeni model debüt edib: A6 e-tron, Q6 e-tron, A5 sedan və universalı, Q5 və Q5 Sportback krossoverləri. Bir neçə həftədən sonra isə, daha bir vacib model - daxili yanma mühərrikli A6 Avant işıq üzü görməlidir.

Audi Q5: metal örtüyün əvəzinə rənglənmiş plastik
Əlbəttə ki, Audi model cərgəsindəki vacib boşluqları doldurmağa müvəffəq olub, lakin yeni avtomobillərə (daha doğrusu onların salonlarına) diqqətlə baxdıqda növbəti problemi görmək mümkündür. Audi e-tron, Q5 və digər modellərin interyer tərtibatında istifadə olunan materialların keyfiyyəti bəzi hallarda çox məyusedicidir və alıcıların əksəriyyəti bunu anlamayacaqlar.
Əlbəttə ki, söhbət ilk baxışda gördüyünüz və toxunduğunuz şeylərdən getmir, lakin elə şeylər var ki, bir neçə il bundan əvvəl onlara rast gəlmək qeyri-mümkün idi. Dörd-beş ildən sonra qapı dəstəyinin və mərkəzi konsolun ətrafındakı kifayət qədər səliqəsiz şəkildə boyanmış plastik detalların necə görünəcəyinə baxmaq, şübhəsiz ki, maraqlı olacaq. Xrom haşiyə? Metal hissələr? Cavab yoxdur.

Audi A5 Avant: yüksək keyfiyyətli displey və zəif keyfiyyətli materiallar
Amma deyəsən buna cavabdeh olan şəxslər artıq səhvlərini anlayıblar. Yeni Q5 modelinin təqdimat mərasimində çıxış edən Audi şirkətinin məhsul və texnologiya üzrə əlaqələr şöbəsinin rəhbəri Oskar da Silva Martins geriləmənin olduğunu etiraf edib: “Keçmişdə keyfiyyət baxımından daha yaxşı səviyyədəydik, inanıram ki, yenidən buna nail olacağıq”. O, bu günə qədər müştərilərin və KİV-lərin Audi avtomobillərinin keyfiyyətinə olan iradlarına lazımi qiymət verilmədiyini də vurğulayıb.
Bundan başqa, Audi şirkətinin digər nümayəndələri də yaxın zamanda bu sahədə dəyişiklərin baş verəcəyini qeyd ediblər. Modellərin yenilənməsi ilə birlikdə keyfiyyətsiz materiallar keçmişdə qalmalıdırlar. Ümid edirik ki, gələcək yeni modellərdə də bu sahəyə ciddi diqqət yetiriləcək.

BMW 3 Series (F30) modelinin interyeri
Qeyd etmək lazımdır ki, bu sahədə Audi tək deyil, Mercedes-Benz avtomobillərində də materialların keyfiyyəti hiss olunacaq dərəcədə zəifləyib, lakin Ştutqart istehsalçısı bu günə qədər bu sahədə dəyişiklərin olacağı barədə heç nə deməyib. Bununla belə, digər Bavariya istehsalçısı - 2010-cu illərin əvvəllərində buraxılan 3 Series (F30) modeli ilə ən aşağı həddə düşən BMW bu sahədə ciddi irəliləyişə nail olub.
Avtomobil istehsalçıları daim sərtləşən ekoloji, təhlükəsizlik, kibertəhlükəsizlik və homoloqasiya standartlarının məhsulun dəyərinə ciddi təsir göstərdiyindən şikayətlənirlər və bunu başqa səhədə kompensasiya etməyə məcbur olduqlarını bildirirlər. Bununla belə, fikrimizcə, premium sinif avtomobilləri buraxan alman istehsalçıları ən böyük üstünlüklərinə - yüksək keyfiyyətə qənaət etməməlidirlər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.
Mənbə: Motor1.com