Audi şirkəti sentyabr ayında Münhen avtosalonunda təqdimatı keçiriləcək Grandsphere konseptinin tizer kampaniyasını davam etdirir. Yeni konsept İnqolştadt markasının elektrik güc qurğusuna və yüksək avtonomluğa malik olan dördqapılı bayraqdar kupesidir.
Grandsphere alman markasının dizaynının inkişaf istiqamətini nümayiş etdirmək üçün nəzərdə tutulub. Bu dəfə elektromobil ön tərəfdən göstərilib: tizerdə nazik formalı LED fənərləri və xüsusi naxışlı saxta radiator barmaqlığını görmək olar.
Bir müddət bundan əvvəl, Audi şirkətinin daxili yanma mühərrikindən imtina edərək elektrik mühərriklərinə keçməsinə baxmayaraq, firma radiator barmaqlığını qoruyub saxlayacağı məlum olub. Yeni Grandsphere konsepti bu məlumatı təsdiqləyir: avtomobilin elektrik mühərriki ilə hərəkətə gəlməsinə baxmayaraq, firma radiator yerində qalıb.
Bundan başqa, ənənəvi yan güzgüləri əvəzləmiş kiçik kameraların, qeyri-adi naxışlı optikanın və parlaq Audi loqotipinin mövcud olduğunu da görmək olar. Əvvəlki tizerlərdə iki nəfərlik arxa divan, taybatay açılan qapılar və nəhəng panoram dam göstərilib.
Elektromobilin dördüncü səviyyəli avtopilot ilə təchiz ediləcəyi də bildirilib. Bundan əlavə, konsept həm sürücünün, həm də sərnişinlərin seçimlərini yadda saxlaya, habelə öz sahiblərini avtomatik olaraq tanıya biləcəkdir. Grandsphere modelinin Audi A8 sedanının mümkün varisi olacağı hesab edilir.
Audi şirkəti Sphere seriyasından olan üç konsepti nümayiş etdirməyi planlaşdırır: birinci olaraq, seçilmiş idarəetmə rejimindən asılı olaraq, avtomobilin uzunluğunu 25 santimetr artırmağa imkan verən sistem ilə təchiz edilmiş Skysphere elektrik rodsteri göstərilib.
Grandsphere konsepti bu seriyadan olan ikinci elektrokar olacaq və 2 sentyabr tarixində ictimaiyyətə təqdim ediləcəkdir. Üçüncü “sferik” konsept isə, hələlik debüt tarixi açıqlanmayan Urbansphere krossoveri olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.