Audi şirkəti İnqolştadt şəhərindəki əsas zavodunda avtomobillərin buraxılması prosesini dayandırıb. Zavodun boş dayanması ən azından yayın sonuna qədər davam edəcəkdir. Belə qərarın qəbul edilməsinin əsas səbəbi elektron komponentlərin qlobal çatışmamazlığıdır – yeni avtomobillərin konveyerdən çıxmasına detal çatışmamazlığı mane olur. Bundan başqa, yığım xətlərindən birində Audi Q6 e-tron modelinin buraxılmasına hazırlıq işlərinin tamamlanması üçün yenidənqurma prosesi gedir.

Mikroçiplərin çatışmamazlığı Audi şirkətinin digər müəssisələrinə də təsir edib. Belə ki, yaxın bir neçə gündə, dörd min insanın çalışdığı Nekkralzumdakı zavod da boş dayanma rejiminə keçəcəkdir. Əməkdaşlar isə qısaldılmış iş rejiminə keçiriləcəkdirlər.

Spiegel nəşrinin bildirdiyinə görə, mikroçip çatışmamazlığı Audi şirkətinə baha başa gəlib – 2021-ci ilin birinci rübündə istehsalçı sifarişçilərə 50 min avtomobili göndərə bilməyib. Cari boş dayanma hazır  avtomobillərin dilerlərə göndərilməsi prosesinin gecikməsinə səbəb olacaqdır.

Xatlırladaq ki, eyni səbəbdən Toyota şirkəti də bu ilin sentyabr ayında yeni avtomobillərin istehsal həcmini 40% azaltmağı planlaşdırır. Beləliklə, Toyota gələn ay 140 min avtomobil az istehsal edəcəkdir. Elektron komponentlərin çatışmamazlığı səbəbindən, yapon istehsalçısı 15 müəssisəsində istehsal prosesini tam dayandıracaqdır. Qeyd etmək lazımdır ki, çip böhranı digər istehsalçılar üçün də təsirsiz ötüşməyib. Məsələn, Nissan  şirkəti də öz istehsal planlarına düzəliş etmək qərarına gəlib.

Komplektləşdiricilərin defisitinin əsas səbəbi mikroprossesor və yarımkeçiriciklərin çatışmamazlığı, habelə Cənubi-Şərqi Asiyada COVID-19 virusunun delta-ştamının yayılmasıdır. İş orasındadır ki, məsələn, Toyota şirkətinin sifariş etdiyi elektron komponentlərin əksər hissəsi bu regionda istehsal olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.