Audi şirkətinin ABŞ ofisi təklif etdiyi model xəttinin iri miqyaslı yenilənməsini elan edib. 2021-ci ilin modellərinin avadanlıq siyahısına yenidən baxılmış və yardımçı sistemlərin sayı artırılmışdır. Eyni zamanda, bazara A5 modelinin yeni modifikasiyası çıxarılıb. Məsələn, indi ABŞ-da A5 Sportback 40 TFSI quattro modelini satın almaq olar.
2,0-litrlik turbomühərrik ilə təchiz edilən Audi A4 və A5 modelləri 13 at qüvvəsi daha güclü olublar və 12 voltluq yumşaq hibrid sistemi əldə ediblər. Artıq Audi A4 40 TFSI modeli 204 at qüvvəsinə, A4 45 TFSI modeli isə 265 at qüvvəsinə malikdir. Bundan başqa, A4 40 TFSI modeli standart olaraq quattro tam ötürməsi ilə, yenilənmiş A5 Sportback 40 TFSI quattro modeli isə, Apple CarPlay interfeysi, zolağa nəzarət sistemi, həmçinin ABŞ və Kanadada ödənişli avtomobil yolları üçün nəzərdə tutulmuş transponderə sahib olub.
Audi A6/A7 modellərinin top versiyalarını yeni 19/20/21 düymlük təkər diskləri ilə sifariş etmək olar. Bu modellərin standart təchizatına adaptiv kruiz-kontrol daxil edilib. Opsional avadanlıq siyahısına elektronika ilə idarə edilən amortizatorları və polad yayları olan asqı sistemi daxil edilib.
Bu ildən etibarən Audi A8 flaqmanı 22 istiqamətdə tənzimlənən ön oturacaqlar, A8 60 TFSI versiyası isə idman kuzov dəsti, matrisa tipli ön fənərlər, Valcona dərisindən interyer ilə təchiz edilir.
Premium paketinə sahib olan Audi Q3 45 TFSI krossoveri indi standart olaraq S line eksteryer dəsti ilə təklif edilir. Premium paketinin tərkibinə isə, güclü yan dəstəyi olan ön oturacaqlar, artan xarakteristikalı gücləndiricisi olan sükan idarəetməsi sistemi, ötürmələr qutusunun sükanaltı dəstəkləri və hərəkət zolağına nəzarət sistemi daxildir.
Audi Q7 modelinin həm avadanlıq siyahısının, həm də opsional paketlərinin tərkibi dəyişdirilib. Prestige təchizat səviyyəsinə və 3,0-litrlik mühərrikə malik olan krossoverlər, standart olaraq qızdırılan arxa oturacaqlar ilə təchiz edilirlər.
2021 model ilinin Audi TT ailəsi artıq standart olaraq S sport dəri oturacaqları, naviqasiya sistemi, zolaq dəyişdirmə köməkçisi və Bang&Olufsen səs sistemi ilə təchiz edilir. TT Coupe, TT Roadster və TTS modellərində daha çox dəri ilə örtülmüş panellər, rodsterdə isə boyun bölgəsinin qızdırılması sistemi peyda olub.