Audi şirkəti dünən Las-Veqasda işinə başlayan SEMA tüninq sərgisində TT modelinin 600 at qüvvəli variantını nümayiş etdirib. Tünerlərin hazırladığı model TT Clubsport Turbo adını alıbdır. Avtomobil 1980-ci illərin Audi 90 IMSA GTO yarış avtomobilinin üslubunda tərtibata malik olub.
Prototip seriya modelindən 14 santimetr enli alınıb və elektrik ötürməli turbokompressoru olan 2,5-litrlik beş silindrli mühərriklə təchiz edilib. Yerindən 100 km/saat həddinə prototip 3,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti 310 km/saatdır. Xatırladaq ki, Audi 90 IMSA GTO yarış avtomobili 720 at qüvvəsinin üzərində gücü olan 2,2-litrlik beş silindrli mühərriklə təchiz edilirdi. Məlum məsələdir ki, prototip tam çəkiş sisteminə və karbondan hazırlanmış hücum bucağı tənzimlənən antiqanada sahibdir.
Prototipin gələcək taleyi məlum deyildir.